21 Yanvar 2022 21:42
3 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sanki Rusiya Ermənistanın apardığı bütün danışıqlarda vasitəçilik etməyi özü üçün prioritet elan edib. Rusiya Xarici işlər naziri Lavrovun yenidən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasından danışanda vasitəçiliyə işarə etməsi və “Bakıya Ermənistanın təkliflərini təqdim etmişik” deməsi, Türkiyə-Ermənistan danışıqları ilə bağlı nazirliyin sözçüsü Zaxarovanın çağırışı bu mövqeyin aydın göstəricisidir. Əslində regionda davamlı sülhün bərqərar olması və hərbi-siyasi qarşıdurmanın aradan qalxması üçün birbaşa, vasitəçilərsiz danışıqlar zəruridir. Rusiya tərəfi də bu sabitliyi istəyirsə, bunda maraqlı olmalıdır. Amma müşahidələr əksini göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, Ankara Rusiya tərəfinin Ermənistan-Türkiyə danışıqlarında vasitəçiliyinə ehtiyac duymur: “Bəllidir ki, Rusiyanın bu prosesdə olması danışıqların effektivliyindən çox, görüntü xarakteri daşımasına səbəb olacaq. Yəni “danışıqlar aparılır” imitasiyası yaranacaq, nəticə isə olmayacaq.

Rusiya mediasında tirajlanan ehtimala görə, Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyası itirilərsə, ermənilərin irəli sürdüyü qondarma soyqırım iddiası fiaskoya uğrayacaq. Ermənistan tərəfi hansısa formada bu iddiadan yazılı imtina edə və öhdəlik götürə bilər. Bu isə Türkiyəyə qarşı siyasi rıçaqa çevrilən təhdidin daimi itirilməsi deməkdir. Eyni zamanda, bu tərəflərə öz şərtlərini dolayı yolla da olsa diktə etmək imkanının itirilməsi anlamına gəlir.

Bu mövqe Azərbaycan qarşı da keçərlidir. Azərbaycanla birbaşa aparılan danışıqlar istər sərhədlərin delimitasiya və demarkasiyası, istərsə də digər məsələlərdə Ermənistanın daha çevik qərar verməsini sürətləndirə bilər. Amma Ermənistan rəhbərliyi müstəqil olmadığından birbaşa danışıqlarla bağlı qərar vermək gücündə deyil. Paşinyan hələ də Rusiyanın daxildəki “canişinlərindən” və özünün strateji və konkret planının olmamasından qorxur. Rusiya isə prosesi körükləməklə məşğuldur.

Daha bir “canişini” sayılan Ohanyanın diliylə yeni təkliflərdən bəhs edir. Ohanyana görə, Ermənistanın ümid yeri KTMT-dir. O deyir ki, “əgər Ermənistan Azərbaycanı “işğal” etdiyi əraziləri tərk etməyə məcbur edə bilmirsə, KTMT-dən hərbi yardım almalıdır”.

Rəfafil Becanovun Ohanyanın separatçı fikirlərinə münasibəti belə olub:

“Ohanyan “Azərbaycanı işğal etdiyi ərazilərdən çıxarmaq” deyəndə nəyi nəzərdə tutur? Azərbaycan tarixi haqqı olmasına rəğmən, keçmiş SSRİ zamanı qəbul olunan Ermənistan ərazilərindən bir qarışını da geri almayıb. Halbuki buna tarixi və hüquqi əsas var. Bu torpaqlar Azərbaycan torpaqlarıdır. Azərbaycan həmin torpaqları Ermənistana verən bolşevik Azərbaycanın deyil, Azərbaycan Xalq Cümhuriyətinin hüquqi varisidir.

Əgər indiki Azərbaycan dövləti keçmiş SSRİ-yə daxil olan Azərbaycan SSR-nin hüquqi varisi olsaydı, sovet imperiyasının qəbul etdiyi qərarları tanımağa və əməl etməyə borclu idi. Lakin Azərbaycanın belə bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyətinin varisi olduğundan ona məxsus ərazilərə hüquqi iddiası da əsaslıdır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər