22 Yanvar 2022 10:27
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəhbərliyinin öz tabeliyində olan bir institut direktoru ilə mətbuat vasitəsilə danışmasını təəccüblə qarşıladım. Elmlər Akademiyası rəhbərliyinin Tarix İnstitutunun direktoru, görkəmli alimimiz Kərim Şükürova münasibəti elmdən uzaq bir haldır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz AMEA rəhbərliyi ilə Tarix İnstitutunun direktoru Kərim Şükürov arasında yaşanan gərginlik barədə danışarkən deyib.

Boran Əzizin sözlərinə görə, baş verənlər Azərbaycan tarix elmi ilə yanaşı, bütövlükdə Azərbaycan elminə və ziyalılığına vurulan zərbədir: “Biz belə münasibətə 37-ci il repressiyalarından bəhs edən materiallarda rast gəlirdik və müasir dövrdə belə qarşıdurmaya rast gələcəyimizi gözləmirdik. Təəssüf ki, bunun da şahidi olduq. Arzu edərdik ki, dövlət bu cür alimləri öz himayəsinə götürsün. Çünki belə ziyalıları Ramiz Mehdiyev kimi məmurların ümidinə buraxmaq olmaz. Kərim Şükürovu vicdanlı, prinsipial, istedadlı, Azərbaycan tarixinin vacib problemlərinə son dərəcə diqqətlə yanaşan bir alim kimi tanıyıram”.

Boran Əziz qeyd edib ki, Kərim Şükürov elmdə mövcud olan marksizm-leninizm konsepsiyasının aradan qaldırılması istiqamətində çalışan, struktur islahatları aparan, yeni kadrlar formalaşdırmağa cəhd göstərən bir rəhbər olub.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova məsələ barədə məlumatsız olduğunu bildirib: “Mən işin içində deyiləm və bildiyimə görə, Kərim Şükürovla AMEA vitse-prezidenti İsa Həbibbəyli görüşməli idi. Ona görə bu, daha çox Elmlər Akademiyasına aid bir məsələdir və işin təfərrüatına tam bələd olmadığım üçün heç bir açıqlama verə bilmərəm. Hər şey artıq Kərim Şükürovun özünün atacağı sonrakı addımlardan asılı olacaq”.

Qeyd edək ki, AMEA rəhbərliyi Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.

Ondan qabaq AMEA-nın iclasında qurumun prezidenti Ramiz Mehdiyev Tarix İnstitutunun rəhbərliyini sərt tənqid edib.


Müəllif: Fatimə Əlixanlı