İş adamı Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsinin bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.
Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.
Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.