“Fransa prezidentinin Moskva səfəri göstərdi ki, Putin müharibə təhdidinin aradan qalxması üçün Avropa ölkələrinin Kiyevi güzəştlərə razı salacağına ümid bəsləyir”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Rusiya-Ukrayna böhranı ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Ukrayna vaxtilə Azərbaycana göstərilən yanaşma ilə üz-üzə qalıb. Xüsusən Avropa ölkələri, Fransa və Almaniya Kiyevə “müharibə yolu ilə həll yoxdur” deyirlər. Müharibənin bütün Avropada xaosa səbəb olacağı ilə qorxudurlar. Mədəni şəkildə Ukraynanı güzəştə vadar etməyə çalışırlar. Eyni zamanda, Moskvanın ifrat iddialarından əl çəkməsi üçün səy göstərirlər.
Bütün bu prosesdə Rusiyanın iddialarının bir qisminin Ukraynanın güzəştə getməsi hesabına təmin olunması əsas götürülür. Putin də məhz müharibə ilə qorxudur, hətta sadə avropalıların müharibə istəməməsinə belə istinad edir.
“Aman, müharibə olmasın” deyən Paris və Berlin elə Rusiyanın əvvəlcədən düşündüyü ssenariyə uyğun reaksiya verirlər. Fransa prezidentinin (Emmanuel Makron) Moskva səfəri göstərdi ki, Putin müharibə təhdidinin aradan qalxması üçün Avropa ölkələrinin Kiyevi güzəştlərə razı salacağına ümid bəsləyir.
Digər məsələlər əsasən ABŞ-dan asılıdır və Rusiya üçün güzəşt olmaycaq. Lakin Şərq vilayətləri və Krımla bağlı ruslar ümid edirlər ki, Avropa ABŞ və Ukraynanı dilə tuta bilər. Azərbaycanla bağlı da “aman, müharibə olmasın, bütün region partlayar, dünya dağılar” deyirdilər. Lakin Azərbaycan səliqəli müharibə apararaq əksini sübut etdi, dünya da dağılmadı. Yaxşı nümunədir, öyrənməyə dəyər”.