Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası başa çatıb.
Teleqraf.com xəbər verir ki, sessiyanın sonuncu günündə assambleyanın 4-cü sessiyasının ilkin gündəliyi və 3-cü sessiyanın hesabatı müzakirə edilərək qəbul olunub, regional qruplar arasında görüşlər keçirilib.
Assambleyanın 3-cü sessiyasının bağlanışında çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının sədri Zakir Qaralov uğurlu keçən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənildiyini, səmərəli fikir mübadiləsinin aparıldığını, eyni zamanda Assambleyanın 3-cü sessiyasının korrupsiyaya qarşı mübarizə istiqamətində qlobal səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacağına və bu sahədə mühüm nəticələrin əldə edilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Z.Qaralov Azərbaycanın Assambleyaya sədrliyi dövründə əsas prioritetlərin Akademiyanın tədris müəssisəsi kimi ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsi, təşkilata üzv dövlətlərin sayının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən treninqlərin coğrafiyasının müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməsi, habelə korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanması olacağını qeyd edib.
Assambleyanın sədri, Baş prokuror digər mühüm məsələ kimi, təşkilatın üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən Akademiyaya maddi dəstəyin verildiyini, eyni zamanda bu istiqamətdə müvafiq addımların gələcəkdə də atılacağına əminliyini ifadə edib.
Assambleyasının sədri çıxışının sonunda sessiya iştirakçılarına dərin minnətdarlığını bildirmiş, ölkəmizin paytaxtı Bakı şəhəri, onun mədəniyyəti və mətbəxi ilə tanışlığın qonaqların yaddaşında silinməz iz buraxacağına ümidvar olduğunu bildirib.
Sonda IACA Assambleyasının 3-cü sessiyasının Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilib, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək vurğulanıb. Texniki innovasiyalar, müvafiq təhsil və təlim, səmərəli, faydalı və şəffaf ictimai xidmətlərin göstərilməsi, elmi tədqiqatların ictimai sektorda antikorrupsiya mühitinin formalaşmasında, korrupsiya cinayətlərinin qarşısının alınmasında vacibliyi diqqətə çatdırılıb.
Bəyannamədə, həmçinin IACA-nın uzun müddət davamlılığını təmin etmək üçün onun maliyyə mənbələrinin gücləndirilməsinin zəruriliyi vurğulanıb, dövlətlər, beynəlxalq ictimaiyyət və təşkilatlar, digər maraqlı tərəflər Akademiyanın maliyyə təminatına dəstək verməyə və qurum üçün vəsait toplanması üzrə işlərdə fəal iştirak etməyə çağırılıb.
Bəyannamədə Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi və ölkəmizin korrupsiya ilə mübarizə sahəsində irəli sürdüyü ən son təşəbbüslər və çoxşaxəli imkanlar təklif etdiyi üçün Azərbaycan Respublikasına minnətdarlıq bildirilib.
IACA Assambleyasının 3-cü sessiyasının bağlanışından sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında yaradılmış şəraitlə tanış olublar.
Hacı Zeynalov