Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM) “Ukrayna böhranı fonunda Azərbaycan-Avropa münasibətləri” mövzusunda müzakirələr aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbir AAKM və Berlinin “Avropa, Qafqaz və Xəzəryanı Ölkələr üzrə Tədqiqatlar İnstitutunun birgə əməkdaşlığı çərçivəsində baş tutub. AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova hazırda dünyada mövcud olan çoxsaylı münaqişə ocaqlarından, geosiyasi və geostrateji şəraitin bugünkü durumundan, Azərbaycanın yeni şəraitdə Avropadan Dağlıq Qarabağ məsələsinin həllinə dair gözləntilərinin daha təkidli olmasından danışıb.
Berlin Azad Universitetinin əməkdaşı, politoloq Matthias Dornfeldt Azərbaycandakı siyasi, iqtisadi və sosial inkişafı müsbət qiymətləndirərək, bu inkişaf yolunda Avropada yeni tərəf müqabilləri qazanmağın aktuallığı, regionda baş verən proseslərin Azərbaycanın iqtisadi imkanlarına və eyni zamanda Azərbaycan tərəfinin qoyduğu siyasi tələblərin həllinə təsiri ilə bağlı çıxış edib. M.Dornfeldt son zamanlar Azərbaycanın enerji siyasəti baxımından artmaqda olan geostrateji əhəmiyyətini vurğulayaraq deyib ki, Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi Azərbaycan Avropa İttifaqı üçün önəmlidir və bu fonda davamlı olaraq modernizasiya və diversifikasiya strategiyasının inkişafına tələbat artıb.
Tədbirin aparıcısı, hüquqşünas, Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani Matthias Dornfeldtlə fikir mübadiləsi apararaq bir sıra mühüm siyasi-iqtisadi suallara cavab tapmağa çalışıb. Daha sonra M.Dornfeldt iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan səfirliyinin müşaviri Rizvan Nəbiyev və səfirliyinin digər əməkdaşları, Bundestaqın əməkdaşı, alman ictimaiyyətinin və mediasının, MDB ölkələrinin və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar iştirak edib.
Səxavət