12 Mart 2022 20:53
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunması bütün dünya tərəfindən diplomatik zəfər kimi dəyərləndirilir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

Ekspert Türkiyə liderinin Antalya Diplomatiya Forumunda verdiyi mesajları şərh edib:

"Türkiyə Antalya Diplomatiya Forumuna böyük diqqət və maliyyə ayırır. Son illərdə Türkiyənin ictimai diplomatiya və “yumşaq güc” nümayişi kimi qiymətləndirilən forumun işi bu il Rusiya-Ukrayna müharibəsinə təsadüf etdiyi üçün bütün diqqətlər uzun müddət təbliğatı gedən platformaya yönəlmişdi. Bu platforma liderlərə, siyasətçilərə, aparıcı elm adamlarına, siyasi ekspertlərə, ictimai rəy liderlərinə, diplomatlara və biznesmenlərə hər il qlobal və regional məsələləri müzakirə etməyə və problemlərin həllini təklif etməyə imkanı yaradır. Forum regionumuzun və bütün dünyanın gələcəyi ilə bağlı yeni ideyaların, tendensiyaların formalaşmasına, gündəmin və diskursun formalaşmasına önəmli töhfələr verir.

Bildiyiniz kimi diplomatiya beynəlxalq münasibətlərdə ünsiyyət üçün istifadə olunan əsas üsuldur. Bununla belə, rəqəmsallaşma klassik diplomatiyada mövcud olan ünsiyyət və qarşılıqlı əlaqə üsullarında köklü dəyişikliyə gətirib çıxarır. Diplomatiyanın üzləşdiyi bu sınağın öhdəsindən gəlmək üçün həm struktur, həm də institusional formada dəyişikliklər lazımdır. 2000-dən çox qonağın, o cümlədən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi Diplomatiya Forumu bəşəriyyəti böyük sınaq qarşısında qoyan pandemiyanın yumşalmasından sonra ən geniş konfrans kimi xarici siyasət və diplomatiyada mühüm hadisəyə çevrilib”.

İlyas Hüseynov bildirib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Antalya Diplomatik Forumunda çıxışı zamanı BMT-nin Təhlükəsizlik Şurasını və veto hüququnu sərt tənqid etməsi ilə yanaşı, sistemi dəyişmək və bu sahədə islahatlar aparmaqla bağlı çağırışını çox doğru yanaşma kimi qəbul etmək lazımdır:

“Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunması şübhəsiz ki, bütün dünya tərəfindən diplomatik zəfər kimi dəyərləndirilir. Uzun illərdir “dünya 5-dən böyükdür” tezisini irəli sürən və usanmadan bu tezisi müdafiə edən Türkiyə liderinin nə dərəcədə haqlı olduğunu bu gün hamı görür, hiss edir. Hələ bundan sonra daha dərindən hiss edəcək.

Türkiyənin hazırkı durumda artan nüfuzu, boğazların statusu haqqında Montrö Konvensiyasından irəli gələn müddəaların icrası ilə bağlı tələblər, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığına hörmət edilməsi haqqında mövqeyi beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Hazırda bütün dünya yeni paradiqmaya, dəyişikliyə və formatlanmaya ehtiyac duyur. Mövcud sistemdə olan boşluqlar məhz güclünün hüququnu artırır. Hüququn gücünün bərqərar olması isə utopiya kimi görünür.

BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüklə bağlı Ərdoğanın fikirləri isə tamamilə doğrudur. Çıxışı ilə dünyanın təhlükəsizlik aspektlərinə həssaslıqla yanaşan qardaş Türkiyə liderinin ərzaq çatışmazlığı, qaçqın problemi və digər önəmli mövzuları daha geniş şəkildə və konseptual formada irəli sürməsi uzun müddət təhlil olunacaq və bütün dünyanın diqqət mərkəzində olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər