28 Mart 2022 20:38
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna danışıqlarının İstanbulda keçirilməsi prosesin texniki mərhələdən siyasi müstəviyə ötürülməsi deməkdir. Türkiyə tərəflər arasında aktiv vasitəçi rolu oynamaqla Qara dənizdə mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda da söz sahibi olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ankaranın vasitəçiliyi tərəflər arasında danışıqların müsbətə doğru dəyişməsinə səbəb ola bilər:

“Ankaranın vasitəçiliyi Kreml üçün də prosesdən üzüsulu çıxmaq üçün fürsət yaradır. Çünki rus ordusu irəliləyə bilmir, müdafiə mövqeyinə çəkilib. Vəziyyətin mürəkkəbliyini nəzərə alan Putin Zelenskinin qarşısına qoyduğu tələb və şərtləri azalda bilər. İndi Kreml sahibi Ukraynanın neytral ölkə statusuna və NATO üzvlüyündən imtina etməsinə də razı ola bilər. Zelenski də son çıxışında bunu istisna etmədi. Bununla yanaşı, Rusiya çalışacaq ki, Donbasla Krım arasında quru yolu təmin edib bölgəyə nəzarəti əlində saxlasın.

Beləliklə, Moskva da əvvəlki sərt tələblərinin böyük əksəriyyətindən imtina edib. Amma Qərb, xüsusilə Vaşinqton müharibənin bir müddət davam etməsində maraqlıdır. Əsas hədəf Rusiyanı defolt vəziyyətinə gətirməkdir. Təbii ki, Putin də müharibənin davam etməsinin onun və Rusiyanın əleyhinə işlədiyinin fərqindədir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, geosiyasi qarşıdurmada tam məğlubiyyət Rusiyanı izolyasiyasını dərinləşdirəcək:

“Buna görə də, Moskva Ankaranın vasitəçiliyində maraqlıdır. Əlbəttə, Türkiyədə başlayacaq ilk danışıqlarda nəticənin əldə olunacağına inanmıram. Qənaətimə görə, sülh Putin və Zelenski bir araya gələndə mümkün ola bilər.

Vasitəçilik missiyasını üzərinə götürən Türkiyə həm də Ukraynanın məğlub olmasını istəmir. Ukraynaya verdiyi hərbi-diplomatik dəstək də bundan irəli gəlir. Bu baxımdan, Rusiya Türkiyənin vasitəçiliyində manipulyasiya edərsə, bu ona yaxşı heç nə vəd etməyəcək. Əksinə, Türkiyə kimi tərəfdaşını itirəcək. Belə bir addım Türkiyənin Suriya və Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirməsinə zəmin hazırlayacaq. Buna görə də Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir.

Artıq Rusiyanın imkanları tükənir, hərbi-siyasi planları fiaskoya uğrayır. Ukraynadan sonra Rusiyanın Suriya və Ermənistandan çıxması da mümkündür. Hesab edirəm ki, bölgədə qızışan geosiyasi qarşıdurma Azərbaycanın Qarabağda taktiki irəliləyişinə şərait yaradacaq. Yarımçıq qalan işimizi tamamlamaq üçün zəmin yetişir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər