Elman Nəsirli: “Türkiyə geri çəkilsə, Ankaradan daha çox şeylər tələb edərlər”
Elman Məmmədov: “Konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq məqsədi daşıyır”
Noyabrın 22-dən 24-dək Ankara Universitetində Hrant Dink Fondunun təşkilatçılığı ilə 2 gün davam edən “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli deyib ki, dünyadakı erməni lobbisi və diasporu, həmçinin Ermənistan dövləti qondarma erməni soyqırımının 100 illiyinə çox ciddi şəkildə hazırlaşır. Onun sözlərinə görə, ermənilər özləri bu hadisəyə məxfi hazırlaşdıqlarını, detallarını açıqlamadıqlarını, vaxt yaxınlaşdıqca atdıqları addımlarda bu hazırlığın izlərinin görünəcəyini qeyd edirlər: “Ermənilər həmin addımlardan birini artıq Türkiyə paytaxtında - Ankarada atdıqlarını bəyan ediblər və əsas məqsəd də ondan ibarətdir ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində həm də Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olsunlar. Yəni bu iki hadisə arasında bir paralellik yaratmaq istəyirlər və çalışırlar ki, Türkiyəyə edilən təzyiqlər fonunda həm sərhədlər açılsın, həm də məhz 2015-ci ildə daha çox dövlətin qondarma erməni soyqırımını tanımasına nail olsunlar. İndi ABŞ Konqresində də çox fəallıq göstərirlər və Konqres vasitəsilə də Türkiyəyə təzyiq göstərmək istəyirlər. Ağ Evdə də təzyiqləri artırmaq istəyirlər ki, son nəticədə Türkiyənin mövqeyini dəyişsinlər. Hətta, erməni lobbisi və diasporu Birləşmiş Ştatlarda Obamanın özündən çox ciddi-cəhdlə tələb edirlər ki, o, 2008-ci ildə prezidentliyə namizəd olarkən qondarma soyqırımı tanıyacağına dair verdiyi vədə əməl etsin. Hesab edirlər ki, Obama verdiyi yazılı vədə əməl etməsə belə, heç olmasa maksimum şəkildə çalışsınlar ABŞ prezidenti Türkiyəyə təzyiqləri artırsın, Türkiyənin mövqeyini dəyişsinlər və sərhədlərin açılması baş tutsun”.
E.Nəsirli qeyd edib ki, bu baxımdan vəziyyət getdikcə daha kəskinləşməkdədir: “Bu nöqteyi-nəzərdən Türkiyəyə təzyiqlərin artması da proqnozlaşdırılandır. Azərbaycan tərəfi isə bu məsələdə hər zaman Türkiyənin yanındadır. Eyni zamanda Azərbaycan dövlətinin və ictimaiyyətinin mövqeyi belədir ki, Türkiyə hər zaman bu təzyiqlərə davam gətirib, Türkiyə regional güc mərkəzidir və ona görə də onun bu təzyiqlər fonunda geri çəkilməsi nəticə etibarilə zəncirvari reaksiya doğura bilər və rəsmi Ankaradan olan tələblər daha da arta bilər. Yəni Türkiyə özünün dəyişməz mövqeyini axıradək davam etdirməlidir”.
“Ankara universiteti ilə ”Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar yaratmaq məqsədi daşıyır".
Bunu isə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, Türkiyə rəsmiləri, o cümlədən Türkiyənin əvvəlki baş naziri, indiki prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş xarici işlər naziri, indiki baş naziri Əhməd Davudoğlu, keçmiş prezidenti Abdulla Gül, Böyük Millət Məclisi dəfələrlə bəyan edib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə heç bir söhbət ola bilməz: “Yəni Türkiyə bu istiqamətdə öz mövqeyini həmişə bildirib. Vaxtaşırı olaraq müəyyən qruplar, müəyyən siyasi dairələr, qeyri-hökumət təşkilatlar və ya mətbuat orqanları xüsusi tapşırıq ilə bu istiqamətdə fikir söyləyir, təkliflər verir. Ancaq bu, Türkiyə dövlətinin rəsmi mövqeyi deyil. Türkiyə heç vaxt belə yola getməz. Hesab edirəm ki, qardaş Türkiyə öz qardaşlıq, dostluq andına sədaqətli qalacaq”.
Millət vəkili qeyd olunan məsələdə bəzi dövlətlərin də təzyiqini istisna etməyib: “Burada digər dövlətlərin də təzyiqi mövcuddur. Çünki Ermənistan deyilən dövlətin hansı dövlətlərin cəhdi nəticəsində yaradılması məlumdur və Ermənistan daim onların himayəsində olub, bu gün də onların himayəsindədir. Ermənistan deyilən terrorçu, cinayətkar cırtdan dövlət bu gün də həmin dövlətlərin xuliqan, cinayətkar övladı kimi saxlanılır”.
Onun sözlərinə görə, bu gün hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda Azərbaycana da təzyiqlər göstərirlər, təhrik edirlər ki, Ermənistanla əlaqə yaradın: “Bu həmin dövlətlərin riyakarlığı, qeyri-səmimiliyidir. Ancaq bütün bunlara baxmayaraq, hər dövlətin özünəməxsus xarici və daxili siyasəti var. Kənardan kiminsə nəsə deməyi ilə deyil. Türkiyənin özünün öz yolu və siyasəti var”.
Səxavət HƏMİD