12 Aprel 2022 17:47
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, cəmiyyətimizin oruca, orucluya münasibəti sizi qane edirmi?

- Azərbaycan cəmiyyətində milli, mənəvi və dini dəyərlərə hörmət hər zaman yüksək səviyyədə olub. Bu, insanlarımızın bir-birinə münasibətində də özünü açıq şəkildə göstərir. Ümumi baxanda oruc tutanlar kifayət qədərdir və onlar bunu öz sərbəst seçimi ilə yerinə yetirirlər. Tərəflər bir-birinə hörmətlə yanaşması çox vacib məsələdir. Bu gün Azərbaycanda dini azadlıq var, hər bir kəsin dini ayinləri yerinə yetirib-yetirməmək hüququ qorunur. Çalışmalıyıq ki, bu ənənələr qorunub saxlansın.

Kim istəyir oruc tutur, dinə əməl edir, kim də istəmir kənarda qalır. Bu, insanların azad seçimidir. Hər kəs bir-birinə hörmətlə yanaşmağı bacarmalıdır, necə ki, biz bunu bu gün cəmiyyətimizdə müşahidə edirik.

- Zaman-zaman oruca münasibətin dəyişdiyini, oruc tutanların sayının artıb-azaldığını da müşahidə edirik. Sizcə, bu, nə ilə bağlıdır? Günün uzun-qısalığıyla, yoxsa başqa amillər də var?

- Məlumdur ki, İslam dinində xəstəliklə, səfərlə bağlı müəyyən güzəştlər var. İnanmıram ki, oruc tutanların sayının artıb-azalmasının birbaşa günün uzun və qısalığı ilə əlaqəsi olsun. Kimin taqəti çatırsa, gücü varsa, orucu tutmalıdır. Bu baxımdan sayın artıb azalması təbii prosesdir. Hər kəs azaddır. Hesab edirəm ki, sağlamlıqla bağlı məsələlər də öz təsirini göstərir.

Doğrudur, günün nisbətən uzunluğu müşahidə edilir, amma bu, həddən artıq uzun zaman deyil. Mən bir az fərqli düşünürəm. Müşahidələrimə əsasən, xüsusilə bu il kifayət qədər Azərbaycan vətəndaşı oruc ibadətini yerinə yetirir.

- Bəzən ilboyu heç bir ibadət əməli etməyən şəxslərin Ramazanda oruc tutması qınaq obyekti olur. Sizcə, bu, düzgündürmü? İstənilən şəxs Ramazanda oruc tuta bilərmi?

- Ümumiyyətlə, insanların bir-birinin əməlini bu dərəcədə təftiş etməsi, bəzən qınaması düzgün deyil. İbadət etmək, oruc tutmaq, namaz qılmaq hər bir insanın şəxsi işidir və seçdiyi yoldur. Dində belə bir şərt yoxdur ki, oruc tutan adam mütləq namaz qılmalıdır. Yəni namaz qılmayan insan da oruc tuta bilər. Orucla namaz ayrı-ayrı ibadətlərdir.

Əlbəttə, dinin yanaşması belədir ki, hər bir insan bütün şərtlərə əməl etməlidir. Bunu edə bilmirsə, yalnız oruc tutursa, bunu qınaq hədəfinə çevirmək düzgün deyil və o, tutduğu oruca görə savabını qazanacaq.

Namaz qılmayıb oruc tutanları müzakirə obyektinə çevirmək insanların şəxsi işinə qarışmaqdır. Yəni ibadətlər bəndə ilə tanrının arasında olan münasibətdir. Bu formada münasibətlərə müdaxilə etmək, bəzən də Allahın işinə qarışaraq kimin ibadətinin qəbul olub-olmadığı barədə fikirlər irəli sürmək yanlışdır, dini baxımdan da bu, qəbul edilmir.

- Oruc tutan adamın bunu xüsusi şəstlə bəyan etməsinə necə baxırsız?

- Ümumiyyətlə, dini ibadətləri bir reklama çevirmək, onunla öyünmək, oruc tutduğunu hər yerdə bəyan etmək, görüntü yaratmaq dində yolverilməzdir. Zərurət yaranarsa, kimsə oruc tutduğunu açıqlaya bilər. Tutaq ki, yeməyə dəvət olunursa, süfrəyə yemək, çay gəlirsə, o, qarşı tərəfin bilməsi üçün oruc olduğunu deyə bilər. Burada bir qəbahət yoxdur.

Gün ərzində insanlar müxtəlif yerlərdə görüşlərdə, tədbirlərdə olurlar. Əgər bir insan orucdursa, belə hallarda qarşı tərəfin onun yemək yeməməsini, çay içməməsini anlayışla qarşılaması üçün oruc olduğunu deyə bilər. Nəzərə almaq lazımdır ki, ibadət sırf insanın özü və Allahı üçündür.

- Bəzi insanların bahalı iftar məclislərinə qatılıb bunu aşkar şəkildə nümayiş etdirməsi digərləri tərəfindən birmənalı qarşılanmır. Sanki bahalı iftar menyuları da son zamanlar dəb halını alıb. Sizcə, iftar süfrəsi necə olmalıdır?

- Əgər Yer üzündə hər gün 10 mindən çox insan aclıqdan dünyasını dəyişirsə və bunların da mütləq əksəriyyəti uşaqlardısa, nəzərə alanda ki, ölkəmizdə də müəyyən insanlar imkansızdır, bahalı iftar süfrələrinin təşkili qəbuledilməzdir. Əgər kiminsə belə imkanı varsa, belə bahalı iftar süfrələrini təşkil etməkdənsə, gedib həmin imkansız insanlara yardım etsin.

Bahalı iftar süfrələri israfçılıq, yüksək məbləğdə vəsait deməkdir. Din bunu qəbul etmir. O dövrdə peyğəmbər də iftarını xurma və su ilə açarmış. Ümumiyyətlə, dində müsəlmanlara israfdan uzaq dayanmaq tövsiyə olunub. Ona görə də mən bahalı iftar süfrələrinin əleyhinəyəm.

İftar süfrələri sadə və insanın yeyə biləcəyi qədər olmalıdır. Onsuz da biz cəmiyyət olaraq yas və toy mərasimlərində israfdan əziyyət çəkirik. İftar süfrələrinə çoxlu yemək düzmək və bunu görüntüyə çevirmək dini baxımdan da qəbuledilməzdir. Çünki bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də həyat şəraiti o qədər də yüksək olmayan insanlar var. Doğrudur, dövlət onlara diqqət və qayğını göstərir. Bu insanlara tövsiyə oluna bilər ki, maddi cəhətdən çətinlik çəkənlərə yardımlar etsin və ifratdan uzaq olsunlar.

Müsəlmanların belə ifrat dərəcədə bahalı təşkil olunmuş məclislərdə iştirak etməsi də məqbul deyil.

Müşahidələrimə əsasən deyə bilərəm ki, bəzən bizim restoranlarımız orucluğa bir fürsət kimi baxır. Təəssüf ki, Azərbaycanda iftar süfrələrinin menyusuna baxanda əksər hallarda qiymətlərin çox yüksək olduğunu görürük. Bu, yolverilməzdir. Əlbəttə, hər bir insan arzulayır ki, gedib o restoranlarda iftarını açsın, amma qiymətlər çox yüksək olduğu üçün getmir. Hesab edirəm ki, bu, fürsətçilikdir.

Əslində, Ramazan savab, xeyirli iş və xeyirxah əməllər ayıdır. Çalışıb daha çox savab işlər görmək və insanlara daha çox yardım etmək lazımdır. Geniş imkanı olanlar bahalı iftar süfrələri əvəzinə, yaxşı olardı ki, maddi durumu nisbətən zəif olan insanlara dəstək olsunlar.

- Özünüz hər Ramazanda oruc tutursuzmu? Əlavə oruclara münasibətiniz necədir, tuta bilirsizmi?

- Biri var, Ramazan ayında tutulan vacib oruclar, biri də var, nafilə oruclar. İslamın həftədə, ayda və ya ayrı-ayrı günlərdə bir neçə dəfə tutulan orucları var. Orucu tutmaqda məqsəd yalnız ac qalmaq deyil. Allahın bizim ac qalmağımıza ehtiyacı yoxdur. Orucun tutlmasında əsas məqsəd insanlarda mərhəmət hissinin gücləndirilməsidir.

Oruc həm də insanlarda səbri gücləndirir. Bu baxımdan oruc tutan insan təkcə mədəsilə yox, həm də dili, əli, əməli ilə tutmalıdır. Bir insanın oruc tutub yalan danışmasını, qeybət etməsini, söyüş söyməsini, insanlarla düzgün münasibət qurmamasını dinimizdə də qəbul edilmir. Ona görə oruc ibadəti edilərkən bu məsələni hər kəs nəzərə almalıdır.

Özümə gəlincə, hər il Ramazan orucunu tuturam. Bəzən iş rejimimiz çox gərgin olur, amma ümumən çalışıram ki, Ramazan orucuna əməl edim. Çünki bu, vacib orucdur, ümumən bu prinsipləri qorumağa çalışıram. Əlavə orucları hər zaman edə bilmirəm. İş imkan verdikdə bəzən onları da yerinə yetirirəm. Amma Ramazan orucunu xeyli müddətdir hər il tuturam.

- Kiməsə və ya kimlərəsə oruc tutmağı tövsiyə edirsizmi?

- Orucun mərhəmət, səbir, aclıq hissi kimi bir çox ictimai faydaları var. Hədislərdə qeyd olunub ki, orucun insan sağlamlığına müsbət təsirləri var. İl boyu yeyən insan ildə bir dəfə pəhriz saxlayaraq müəyyən mənada öz sağlamlığını da qorumuş olur. Yəni mənə müraciət edənlərə oruc tutmağı tövsiyə edirəm.

Oruc tutan insan saflaşmalıdır, kamilləşməlidir, eyni zamanda bu ay ərzində kasıb insanlara əl tutmalıdır. Oruc tutmağın ibadətlə yanaşı, sağlamlıq və sosial tərəfləri də var. Bu həm də müsəlman olaraq dinimizin bir şərtidir, əməlidir. Tövsiyə edərdim ki, kimin sağlamlığı imkan verirsə, oruc tutsun. O, özü bunun müsbət tərəflərini görəcək.

- Deputat həmkarlarınızdan oruc tutan çoxdurmu?

- Adətən həmkarlarımız bunu o qədər də geniş təbliğ etmirlər. Amma bildiyim qədərilə xeyli sayda oruc tutan həmkarlarımız var.

- Hər il Ramazanın başlanma və bitmə vaxtilə bağlı müxtəlif fikirlər, diskussiyalar olur. Bir qrup insan hesab edir ki, Türkiyə vaxtı ilə başlamalıdır, digər qrup da İran və ətraf ölkələri vurğulayır. Bu barədə sizin mövqeyiniz necədir?

- Hesab edirəm ki, bu məsələnin siyasiləşdirilməsinə ehtiyac yoxdur. Çünki bunu bir sıra hallarda kimlərsə siyasiləşdirməyə çalışırlar. İslama görə, hansısa ölkədə Ay görünürsə, bütün müsəlman ölkələri buna nəzərən oruc tuta bilərlər. Məsələn, əgər Türkiyədə, İranda və ya digər müsəlman ölkəsində hilal görünürsə, müsəlmanlar artıq oruca başlaya bilər.

Biz əvvəlki illərdə Ayı daha çox görürdük, qənaətimcə, bu il fərqli vəziyyət oldu. Sanki müsəlman ölkələri və ya hansısa şəxslər bunu siyasi bir məsələyə çevirdilər. Yəni oruca bir gün gec başlamaq, bayramı bir gün tez etmək barədə müzakirələr getdi. Hesab edirəm ki, bu, düzgün deyil. Bütün müsəlman aləmi, nəhayət, bir məxrəcə gəlməlidir ki, hamı oruca eyni vaxta başlayıb, eyni vaxta da bitirsin. Bu ixtilafları dinimiz də qəbul etmir. Ramazan birlik, həmrəylik, birgə yaşayış ayıdır. Ona görə Ramazanı ixtilafa çevirmək, fərqin yaranmasına şərait yaratmaq yolverilməzdir.

Müşahidə etdim ki, bu il əvvəlki illərdən fərqli olaraq oruca daha uyğun formada başladıq. Bu uyğunluğu qorumaq lazımdır. Çünki ölkəmizdə fərqli-fərqli ölkələrin qaydalarına əməl edəndə bu, avtomatik olaraq ixtilaflara gətirib çıxarır. Çalışmalıyıq ki, belə ixtilaflardan uzaq olaq.

Hamı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) fitvasına tam əməl etməlidir. Əgər kimsə konkret bir yolla getmək istəyirsə, dinin tövsiyəsi də ondan ibarətdir ki, ölkəsinin rəsmi qurumlarının, dini mərkəzinin müəyyənləşdirdiyi tarixlə oruca başlayıb bitirsin.

- Oruc tuta bilməyən hansı halda savab qazana bilər?

- Dini yanaşmaya görə, oruc tutmayan şəxs tutmadığı gün üçün fidyə verməlidir, yəni, ac insanı yedirməlidir. Kimsə xəstədirsə və ya hansısa üzrlü səbəbdən oruc tuta bilmirsə, tutan insanın qidasını təmin edərək savab qazana bilər. Əgər həmin insanlar daha çox savab qazanmaq istəyirsə, imkanları daxilində kasıb insanlara əl tutsunlar, xəstələrə yardım etsinlər, qohumları ziyarət etsinlər, daha çox sədəqə versinlər. Bu onların savabının artmasına öz töhfəsini verəcək.

- Orucluqda toy etmək hələ də müzakirə olunan məsələlərdəndir. Bir fikrə gəlinməs də, amma bir qada olaraq Ramazan ayında toy etmirlər. Bu məsələyə münasibətiniz necədir?

- Din Ramazan ayında toyu qadağan etmir. Sadəcə orucun prinsipləri gözlənməlidir. Məsələn, toy etmək istəyən mərasimin başlama vaxtını iftar vaxtına salmalıdır. Ramazan mübarək aydır, xeyri əməllər ayıdır. Düşünürəm ki, bu ayın prinsipləri, qaydaları gözlənilməklə Ramazan ayında toy etmək daha məqsədəuyğun və daha savabdır.


Müəllif: Yeganə Oqtayqızı