13 Aprel 2022 15:41
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, aprelin 8-də Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib. 30-a yaxın sərnişin daşıma şirkəti hökumətə müraciətlərində gediş haqlarının artırılmasını, ya da dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlamışdı.

Tarif Şurası isə daşıyıcı şirkətlərin gediş haqqına yenidən baxılması barədə müraciətlərinə münasibət bildirərkən, hazırda ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsinin müzakirə olunmadığını qeyd edib. "Məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir".

Hazırda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmasa da, əhali narahatdır. Təcrübə də göstərir ki, Tarif Şurası qiymət artımının olmayacağını desə də, sonradan kommunal xidmətlərin qiymətində artıma gedib.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a açıqlamasında, gediş haqlarının artırılması ilə bağlı müzakirələrin uzun müddətdir getdiyini deyib.

O, analoji açıqlamanın Bakı metropoliteni tərəfindən verildiyini də xatırladıb: “Ötən il metroda bir sərnişindaşımanın maya dəyərinin 97 qəpiyə olması barədə açıqlama yayılmışdı. Hesab edirəm ki, indi olmasa da, il sonuna gediş haqqının artırılması ilə bağlı müəyyən qərar verilə bilər. Çünki sərnişin daşıyan şirkətlər açıqlamalarında ehtiyat hissələrinin, motor yağlarının və digər komponentlərin qiymətinin kəskin artdığını söyləyiblər. Burada bir həqiqət payı var, doğurdan da dünya bazarlarında qiymət artımı müşahidə olunur. Azərbaycanda isə nə şin, nə də motor yağları istehsal olunur, bu sahədə çox ciddi asılılıq var.

Azərbaycanda nəqliyyat sistemi fraqmentaldır, yəni ayrı-ayrı qurumların nəzarəti altındadır. Bir mərkəzdən, normal yanaşma ilə idarəedilən nəqliyyat sistemi yoxdur. Düşünürəm ki, problemlər də burdan qaynaqlanır. Bu sahəyə həm dövlətin, həm "BakuBus" QSC-nin, həm başqa özəl şirkətlərin, həm də Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən nəzarət və səlahiyyətləri var. Bu pərakəndəlik nəqliyyat sistemində kifayət qədər problemlər yaradır”.

Analitikin qənaətincə, qiymət siyasətində də köhnə metod və primitiv yanaşma mövcuddur: “Düşünürəm ki, birdəfəlik gediş haqqı artırıla bilər. Məsələn, əgər sərnişin ictimai nəqliyyatdan və yaxud metrodan gün ərzində bir dəfə istifadə edirsə, yəni daimi istifadəçi deyilsə, bu zaman birdəfəlik gediş haqqı sistemi tətbiq oluna bilər. Dünyada bu sistem baha olur, amma müxtəlif yanaşmalar var. Məsələn, bir, üç aylıq və ya bir illik gediş-gəliş üçün abonementlər var ki, bunların da qiyməti daha ucuz olmalıdır.

Sərnişin bir il öncədən pulu ödəyib həmin abonementi alırsa, deməli, həmin nəqliyyat şirkətləri də öncədən vəsait əldə etmiş olur. Bu vəsaitlə şin, motor yağı alırlar və digər təmir işlərini görürlər. Bu, hər iki tərəfə sərfəlidir. Bu zaman qiymət artımına ehtiyac qalmır, hətta qiymətin ucuzlaşması belə ola bilər. Məsələn, sərnişin nəqliyyatda bir illik limitsiz gediş haqqı alırsa, bunu bir dəfəyə böləndə daha ucuz qiymətə başa gəlir.

Bundan əlavə, tələblər, təqaüdçülər üçün ayrıca gediş haqları və gediş salonları müəyyənləşdirilə bilər. Yaxud da saatla ölçülən biletlər təşkil oluna bilər. Necə ki, Avropa şəhərlərində 2-3 avroya saatlıq biletlər satılır və sərnişin 2 saat ərzində istənilən sayda nəqliyyatdan (metro, tramvay, avtobus) istifadə edə bilər”.

Natiq Cəfərlinin müşahidələrinə əsasən, Azərbaycanda vətəndaşların narazılığı işə gedəndə üç-dörd dəfə marşrut dəyişməkdən ibarətdir: “Vətəndaşlar hər dəfə marşrut dəyişəndə əlavə pul ödəyirlər. Amma səhər və axşam saatlarında istifadə etmək üçün saatlıq biletlər satıla bilər ki, burada da qiymətləri bir qədər artırmaq olar. Bu, nəticə etibarilə həm vətəndaşlara, həm də nəqliyyat şirkətlərində sərf edər. Bir sözlə, bu sahədə yeni vizyona ehtiyac var. Azərbaycanda köhnədən qalma mübahisələr gedir - qiymət artsınmı, artmasınmı. Problem qiymətin artıb-artmamasında deyil, effektiv çalışmada, vətəndaşlara effektiv xidmət göstərməkdədir ki, burada da ciddi axşamlar var”.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev isə Teleqraf.com-a bildirib ki, ilk növbədə müvafiq orqan tərəfindən daşıyıcı şirkətlərin ortaya atdığı tələb və iddialar araşdırılmalıdır.

Deputat qeyd edib ki, bu yolla həmin şirkətlərin tələblərinin nə dərəcə doğru olduğu aydınlaşa bilər: “Araşdırmadan sonra gediş haqlarının artırılmasının qanuna müvafiq olması ortaya çıxacaq. Bundan sonra müəyyən olunsa ki, həqiqətən daşıma şirkətlərinin xərci borcunu ödəmir, gediş haqlarının artırılmasına ehtiyac var, o zaman hökumət müvafiq addımlar atmalıdır”.

Razi Nurullayevin qənaətincə, indiki zamanda sərnişindaşımada qiymətlərin artırılması sosial narazılığı artırar “Onsuz da bu gün insanların sosial yaşayışı, kommunal ödənişləri ilə bağlı xeyli narazılıqlar var, qazancları çox azdır, rəqabətli iş yerləri yoxdur. Ona görə də indi qiymət artımına getmək məqsədəuyğun deyil. Daşıyıcı şirkətlərin qiyməti artıra bilməməsi müqabilində dövlət büdcəsi hesabına müəyyən kompensasiyaların verilməsi nəzərdən keçirilə bilər. Bu şirkətlərin avtobuslarına lazım olan ehtiyat hissələri də dövlət hesabına ödənilməlidir.

Amma hesab edirəm ki, bütün bunlar müvəqqəti addımlardır. Doğrudan da Azərbaycanda sərnişindaşıma ilə bağlı qiymətlər aşağıdır, bunu başa düşürəm. Qiymətlər insanların cibinə uyğunlaşdırılıb. Amma bizneslə məşğul olan şirkətlər də pul qazanmaq, yeni avtobuslar almaq, xidmətini daha da keyfiyyətli etmək istəyir. Problemlərin yeganə açarı insanların qazancının artırılmasıdır. Bu gün hökumətin bir nömrəli vəzifəsi insanların qazancının artırılması ilə bağlı davamlı və uyğun addımların atılması olmalıdır. Amma təəssüf ki, bu gün ölkəmizdə yeni iş yerləri açılmır, turizmin inkişafı demək olar ki, dayanıb.

Pandemiyadan sonra müxtəlif sahələrdə yaranan durğunluqdan çıxa bilməmişik. Buna görə də biznesmenlərə və xarici sərmayəçilərə daha uyğun və onları cəlb edə biləcək şərait yaradılmalıdır.

Daşıyıcı şirkətlər gediş haqlarını artırarsa, bu, vətəndaşların ailə büdcəsinə birbaşa ziyan vuracaq. Bu, ciddi sosial narazılıq yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı