19 Aprel 2022 10:01
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

200-dən çox alim və filoloqun Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlandığı müraciətə baxılır.

Bu barədə Teleqraf.com-a “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) sədri Vasif Sadıqlı məlumat verib.

Qeyd edək ki, ziyalılar ölkədə “Dövlət dili haqqında” qanunun pozuntusundan narahatlılarını bildiriblər. Onların iddiasına görə, Azərbaycan dili öz yurdunda hörmətsizliyə məruz qalıb. Ötən dövrlərdə məsələ ilə bağlı onlarla quruma, o cümlədən yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər göndərilsə də, məsul şəxslər və strukturlar bəlli qanun pozuntularını aradan qaldırmaq üçün hər hansı tədbir görmək niyyətində deyillər.

Vasif Sadıqlı deyir ki, aprelin 6-da göndərdikləri müraciət aprelin 8-də Milli Məclisə çatıb: “Müraciətin araşdırılması üzrə məsul şəxs aprelin 14-də bizə zəng vurub sənədə imza edənlərlə maraqlandı. Müraciət edənlərin imzaları internet vasitəsilə ilə yığıldığı üçün adlarının qarşısında imza yox idi. Bildirdik ki, mətinlə hər kəs tanışdı.

Bundan əlavə, monitorinqlər barədə soruşdular. izahat verdik ki, monitorinqi Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə BŞİH-nin, Azərbaycan Dövlət Reklam Agentliyinin, Bakı Şəhər Reklam İdarəsinin və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin nümayəndələri birlikdə paytaxtın Rəsulzadə küçəsində aparıblar. Montorinq nəticəsində məlum oldu ki, 42 ticarət və xidmət obyektindən 41-də Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Bununla bağlı yenidən məlumat verdim və bildirdim ki, müraciətə imza atan şəxslərdən kimi istəyirlərsə, qəbul etsinlər, əlavə məlumat da verə bilərik. Bizimlə yenidən əlaqə saxlayacaqlarını dedilər”.

Vasif Sadıqlı Bakıda ticarət və xidmət obyektlərində dövlət dilindən düzgün istifadə edilməməsinə etiraz əlaməti olaraq ilk müraciətlərini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Prezident yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə etdiklərini deyib: “Bundan sonra millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və BŞİH-nin başçısı cənab Eldar Əzizova müraciət ünvanladıq. İlk reaksiya BŞİH-dən gəldi. 2020-ci ilin iyulun 3-də BŞİH-də bizim nümayəndələri qəbul etdilər. Orada qərara alındı ki, növbəti görüşdə Əqli Mülkiyyət Agentliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri də iştirak etsinlər. Həmin vaxt da sərt karantin rejimi idi. O vaxtdan indiyə iki ilə qədər müddət keçib, amma növbəti görüş keçirilməyib.

Məlumdur ki, əmtəə nişanları Əqli Mülkiyyət Agentliyində ingilis dilində tərtib olunur, şirkətlər də İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçir. Məqsəd hər iki qurumun nümayəndələrinin iştirakı ilə əmtəə nişanlarını və obyekt adlarının Azərbaycan dilində hazırlanması ilə bağlı qərara gəlməkdən ibarət idi.

2021-ci ilin iyun ayında məni Reklam İdarəsinin sədri BŞİH-nə dəvət edib görülən işlər barədə hesabat vermək istədiyini dedi. Bizə obyekt sahiblərinə müraciətlər yazılacağı, küçələrə sosial reklamlar vurulacağı, həmçinin obyekt adlarının Azərbaycan dilində yazılması üçün dəvətlər göndərəcəkləri barədə vədlər verildi. Bizi yaxın vaxtlarda nələrin dəyişəcəyini görməyə əmin etdilər. Bir ilə yaxın müddət keçib, amma sözügedən vəddən nə əsər-əlamət var, nə də ciddi bir dəyişiklik. Ona görə məcbur olduq bu dəfə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik. Bundan əvvəl 120-yə yaxın deputata müraciət etmişdik, onlardan bir necəsi parlamentin iclasında bu məsələni qaldırmışdı”.

FADMM sədri nəticəyə nail olacaqlarına əmin olduğunu deyib: “Sadəcə bunun hansı mərhələdə və kimin tərəfindən olacağını bilmirik. Bütün instansiyalara qətiyyətlə bir-bir addım atırıq ki, sonra deməsinlər “niyə bizə müraciət olunmayıb”. Söhbət ondan gedir ki, “Dövlət dili haqqında” Qanunun 17.1-ci maddəsi icra olunmur. Orada açıq şəkildə deyilir ki, obyektlərin üzərində yazı Azərbaycan dilində yazılmalıdır. Bundan sonra əcnəbi dildə də yazıla bilər, amma onun həcmi dövlət dilində olandan çox olmamalıdır və dövlət dili olan yazıdan sonra gəlməlidir. Bu qədər aydın bir məqamdır.

Qənətimizcə, obyekt sahiblərinə girişə bilmirlər. 2020-ci ilin iyul ayında Bakı Şəhər Reklam İdarəsində olanda bildirdik ki, sanki çəkinirsiz. Çünki bundan əvvəl AMEA-nın Dilçilik İnstitutunda bir nəfər Nizami küçəsində monitorinq aparmışdı. BŞİH-nə dövlət dilinin pozulmasına dair məlumat verəndə deyiblər ki, həmin obyektlər elə şəxslərə məxsusdur ki, biz onlara heç nə edə bilmirik. Biz onlara sual verdik ki, qorxursuzmu? Xeyir, dedilər. Təklif etdik ki, əgər irilərdən çəkinirlərsə, xırda obyektlərdən başlasınlar, böyüklər də məcbur olacaqlar. Amma nəticə yoxdur. Əlbəttə, biz qələbəyə inanırıq, bütün hallarda başqa instansiyalar da müraciət etməkdə davam edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı