Bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı fərman imzalayıb.
Prezidentin fərmanına əsasən, "Qrant haqqında" Qanunda dəyişikliklər edilib. Belə ki, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsində şəffaflıq və səmərəliliyin artırılması, eləcə də, münasibətlərinin təkmilləşdirilməsi məqsədilə dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrantların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırmaqla həyata keçirəcəklər.
"Təkrarlar olmayacaq"
Məsələyə münasibət bildirən Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, bu qanundan irəli gələrək ilk növbədə ölkədə verilən qrantların ümumi istiqamətinin hansı sahə üzrə aparıldığını ortaya qoyacaq: "Eyni zamanda, bəzi dövlət qurumları tərəfindən verilən qrantların həcminin nədən ibarət olduğunu öyrənməyə imkan verəcək. Bundan başqa, ayrı-ayrı layihələrdə təkrarçılığa deyil, yeni ideyaların və ya yanaşmaların olmasına şərait yaradacaq. Bu da ilk növbədə şəffaflığın təmin olunmasına və dövlət qurumları arasında koordinasiyanın yaranmasına öz töfhəsini verəcək".
F.Qurbanov əlavə edib ki, Şura ilə razılaşdırma aparmaq bir çox parametrlər baxımından olduqca əhəmiyyətlidir:
"Misal üçün, ayrı-ayrı dövlət qurumları tərəfindən verilən qrantların ümumi həcmi, layihələrin ümumi sayı, bu layihələr çərçivəsində cəlb olunmuş benefisiarların sayı və ayrı-ayrı sosial-iqtisadi yönümlü və ya Qarabağla və digər sahələrlə bağlı istiqamətlər üzrə ümumi statistikası, bütövlükdə layihələrin həyata keçirildikdən sonra nəticələr. Şura ilə razılaşdırma bütün bu sahədə müfəssəl məlumatların əldə olunmasını təmin edəcək. Eyni zamanda, Şura özü də qrant müsabiqəsi elan edərkən bəzi qurumların etdiyi mövzular üzrə bununla bağlı təkrar müsabiqə etməyəcək, yeni mövzular ortaya qoyacaq. Bundan başqa, ola bilər ki, Şura bəzi dövlət orqanları ilə birgə qrant müsabiqələri elan etsin. Bu da qeyri-hökumət təşkilatlarının böyük əksəriyyətini, layihələrin uğurla həyata keçirilməsini təmin edəcək".
BƏXTİYAR