26 Noyabr 2014 15:21
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Ukraynanın "1+1" televiziya kanalının 23 noyabr 2014-cü il tarixdə efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, müraciətdə Ukraynanın "1+1" televiziya kanalında Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edən "15 respublika" verilişinin yayımlanmasına toxunulub, Azərbaycan torpaqlarının 20%-ni iyirmi ildən çoxdur işğal altında saxlayan, orada etnik təmizləmə aparıb yüz minlərlə vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən işğalçı Ermənistan və onun müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin mədh edildiyi, Azərbaycan Respublikasının isə qərəzli şəkildə aşağılandığı vurğulanıb.

Səfirlik Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən, BMT Baş Assambleyasında buna səs verən, dostluq və strateji əməkdaşlıq prinsiplərinə hər zaman sadiq olan Azərbaycan Respublikasına qarşı belə sifarişli və qərəzli verilişin nümayiş etdirilməsinin Ukraynada yaşayan on minlərlə soydaşımızın və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin haqlı narazılığına səbəb olduğunu, hal-hazırda özü separatçılığın və xarici müdaxilənin qurbanına çevrilmiş Ukrayna dövlətinin separatizmə və işğala dəstək verməyə xidmət edən cəhdlərə göz yummayacağına ümidvar olduğunu bildirib.

Müraciətdə səfirlik tərəfindən adıçəkilən televiziya kanalına etiraz məktubunun göndərildiyi, eyni zamanda həmin bədnam verilişi hazırlayıb təqdim edən, Azərbaycanı mənfi qələmə verən, Ermənistanı müsbət tərəfdən göstərən, guya azərbaycanlıların Dağlıq Qarabağda erməni kişiləri kütləvi şəkildə qətlə yetirdiklərinə görə bu gün orada qızların oğlanlardan dörd dəfə çox olduğu kimi təhrikçi iddialar irəli sürən, Ermənistan silahlı qüvvələrinin işğalında olan və heç bir dövlətin, o cümlədən Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Konstantin Andriyuk və Dmitriy Volkovun Azərbaycanda arzuolunmaz şəxslər sayılacağı barədə məlumat verilib.

Səfirlik müraciətində "1+1" televiziya kanalının verilişinin ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu qeyd edib, adıçəkilən televiziya kanalına müvafiq təsir göstərilməsini, Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini xahiş edib.


Müəllif:

Oxşar xəbərlər