7 May 2014 17:07
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir. Trend xəbər verir ki, bu, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransına təqdim etdiyi məqalədə qeyd edilib.

PA rəsmisi bildirib ki, Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır.

Ə.Həsənovun sözlərinə görə, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir: "Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirirlər. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır".

PA rəsmisinin fikrincə, Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.

Ə.Həsənov qeyd edib ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur: "İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir".

Ə.Həsənov bildirib ki, hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanda informasiya təhlükəsizliyi sahəsindəki əsas vəzifələrin yerinə yetirilməsi, milli informasiya resurslarının qorunması və təhdidlərin qarşısının alınması, bu sahədə effektli tədbirlərin gücləndirilməsi məqsədilə son zamanlar dövlət səviyyəsində ciddi fəaliyyət başlanıb".

Onun sözlərinə görə, müstəqilliyə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir.

Şöbə müdirinin sözlərinə görə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib.

Sənəddə informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ-hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com