Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə yenə də cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, son zamanlar Bakı Baş Gömrük İdarəsinin və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar aşkarlanıb.
Belə ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb. Cari ilin müvafiq dövrü ərzində müxtəlif vətəndaşlara göndərilən bağlamalardan, ümumilikdə 27 ədəd beşbarmaq, 25 ədəd elektroşoker, 5 ədəd bıçaq, 4 ədəd dəyənək, 10 ədəd qaz balonları və 1 ədəd pnevmatik tüfəng, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində isə, ümumilikdə 29 ədəd beşbarmaq, 19 ədəd dəyənək, 9 ədəd bıçaq, 5 ədəd elektroşoker və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.
Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınıb. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilib.
Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu “beşbarmaq” və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti nəzərdə tutulub.
Naibə QURBANOVA