Qanunvericilik Milli Məclis deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub sonradan vəzifəyə təyinat alan şəxslər bu missiyalarını yaxın adamları, övladları, qardaşlarına ötürürlər. Bununla da rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları qeyd edilir. Bir sözlə, biznes fəaliyyətlərini öz yaxın çevrələrinin adlarına rəsmiləşdirməklə məsuliyyətdən yayınmağa çalışırlar. Faktiki olaraq isə onlar öz biznes imperiyalarına elə dövlətin təmsilçisi kimi himayədarlıq etməklə davam edirlər.
Teleqraf.com Milli Məclisin biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlarının siyahısını təqdim edir:
121 saylı Laçın seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl köşklərinə sahib olduğu bildirilir.
20 saylı Nərimanov ikinci seçki dairəsinin təmsilçisi, Milli Məclis sədrinin müavini Adil Əliyevin də daşınmaz əmlak, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahib olması ilə bağlı məlumatlar var. Bir müddət öncə şəhərin mərkəzində ona məxsus olduğu iddia edilən tikinti şirkəti ilə vətəndaşlar arasında insidenti yatırtmaq üçün də deputat Adil Əliyevin hadisə yerinə gəldiyi, gərginliyi azaltmağa çalışdığı iddia olunurdu.
65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əhliman Əmiraslanova məxsus klinikanın olduğu, həmçinin, dərman satışı, dərman depoları, tibbi ləvazimatların satışı mərkəzlərinə sahib olduğu iddia edilir.
45 saylı Abşeron seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Oqtay Əsədov isə su biznesi ilə tanınır. Onun balıq vətəgələri, restoran və dəmir-beton zavodları, xaricdə əyləncə mərkəzlərinə sahib olduğu bildirilir.
11 saylı Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı seçilən Aydın Hüseynov əmlak alqı-satqısı, bağ evlərinin tikintisi və satışı, ofis ləvazimatlarının topdan satışı, çap mərkəzlərinin sahibi kimi tanınır.
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Naqif Həmzəyev təmsil etdiyi şəhərdə iş adamı kimi tanınır. Onun Gəncədə avtomobil təmiri məntəqələri, ticarət köşkləri və brend geyimlər mağazasına sahib olduğu deyilir.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Malik Həsənov ölkədə ev və bina tikintisi, antik əşyaların satışı ilə ad qazanıb. Deputatın əmlak tikintisi və satışı, ofislərin icarəyə verilməsi, cənub bölgəsində bir neçə istirahət mərkəzi, Bakıda tikinti materiallarının satış mərkəzini idarə etdiyi söylənilir.
73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə Azərbaycanda və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə ad çıxarıb. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı işində də mahir olduğu bilgisi var.
15 saylı Yasamal birinci seçki dairəsinin bitərəf deputatı Ülvi Quliyevi seçiciləri az-az görsə də, onu tikinti sektorunda daha çox görmək olar. Karateçi deputatın ən yaxşı bildiyi sahə bina tikintisi, ofis və evlərin təmiridir. Həmçinin ona məxsus tikinti briqadaları da fəaliyyət göstərir. Deputatın idman ləvazimatlarının satışı işini yaxşı bilənlərdən biri kimi tanındığı deyilir.
Nabranda Həmkarlar İttifaqına məxsus bütün sanatoriyaların ərazisini satan və icarəyə verən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin bitərəf deputatı Səttar Möhbalıyev ölkədə həmçinin, kağız satışı ilə də tanınan iş adamlarından hesab edilir. Onun Nabranda, Bakının mərkəzində restoran və bir neçə ailəvi istirahət mərkəzi, restorana sahib olması gələn xəbərlər sırasındadır.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin “əbədi” deputatı Madər Musayevin biznes imperiyası isə dodaq uçuqladır. Hacı Madər Bakıda ilk şadlıq evi işlədən iş adamlarındandır. Eyni zamanda qocaman deputat uzunömürlülüyün sirri kimi bərk özüllü işlərə də baş qoşub. Onun beton zavodları, marketlər şəbəkəsi, su istehsalı və satışı işində də əlinə su tökən tapılmadığı iddiaları var.
96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının gənc deputatlarından olan Anar Məmmədovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun klanını uğurla davam etdirmək niyyətində olduğu deyilir. İki illik deputat postunda səsinə cəmiyyətimizi tamarzı qoyan Anar Məmmədov Ziya Məmmədovun ən yaxın dostu Qulam Ələkbərovun kürəkəni kimi bir çox işlərdə uğurlara imza atıb. Gənc deputat qayınatasının tövsiyələrinə əsasən tikinti sektorunda fəaldır. O özü də gənc iş adamı kimi Dərnəgüldə Tikinti satış mərkəzləri, villaların icarəyə verilməsi, ev tikintisi, avto-təmir məntəqələrinin sahibi kimi heç də havadarlarından geri qalmadığını nümayiş etdirir.
78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Məmmədov İqbal Nəriman oğlunu isə ölkədə restoranlar şəbəkəsinin sahibi kimi hamı tanıyır. Cənub bölgəsində “Relax İqbal” kimi ad qazanan İ.Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğul olduğunu bilməyən qalmayıb. Bir müddət öncə onun restoranında vergi müfəttişlərinin oğlu və qardaşı uşaqları tərəfindən amasızcasına döyülməsi faktını isə kimsə unutmayıb. Cənublular onun əlindən təngə gəldiklərini, çayların məcrasını dəyişdiyini, harada bir səfalı yer gördü onu hasara alıb restoran açdığını deyirlər.
70 saylı Masallı şəhər seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Məşhur Məmmədov da oturuşmuş iş adamlarındadndır. Məşhur müəllimi ən çox “məşhurlaşdıran” isə şəhid evinə şampun, bir dəfəlik istifadə üçün parfüm və sabun göndərməsi olmuşdu. Amma o da kiçik biznesmenlerdən deyil. Millət vəkili ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində usta adam hesab edilir.
"Embawood" şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov Nyu-Yorkda milyonluq villası ilə ad çıxarıb, təzəlikcə ABŞ-da yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis edib.
117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasınin deputatı seçilən Aqiyə Naxçıvanlı təmsilçisi olduğu Oğuz rayonunu elə-belə seçməyib. Xanım deputat Qaxda və Oğuzda fındıq sahələri, su istehsalı sexləri, gözəllik salonlarının təmiri və icarəyə verilməsi məsələsində qadın sahibkarlar arasında öncül yerdədir.
75 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Cavanşir Paşazadə taxta-şalban deposu və topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satış deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir.
82 saylı Ağcabədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkili Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl satışı köşkünə, qızıl satışı və qəbulu məntəqələrinə sahib olduğu bildirilir.
27 saylı Sabunçu ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əlabbas Salahzadə atası Qalib Salahzadənin yolunu davam etdirən bir iş adamıdır. Hacı Qalibin biznes imperiyasını böyük uğurla idarə edən oğul deputat Ə.Salahzadə məlumatlara görə, Sabunçuda dini və mərasim zalları, su istehsalı sexləri, məzar daşlarının hazırlanması, mozaika, bəzək daşlarının istehsalı, satışı mərkəzini təkbaşına idarə edir.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Ağalar Vəliyev ağsaqqal iş adamlarındandır. “Kristal Abşeron”un sahibi olan Ağalar Vəliyevin bu sahədə böyük bir imperiyaya sahib olduğu vurğulanır. Qocaman deputatlardan olan Ağalar Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu deyilir. O, məişət avadanlıqlarının satıldığı mağazalar şəbəkəsinə də rəhbhərlik edir.
25 saylı Nizami ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Sədaqət Vəliyeva da bizneslə məşğuldur. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin yaxın qohumu olduğu deyilən Sədaqət Vəliyeva uzun müddət xəstəxana rəhbəri kimi öz biznes imkanlarının dairəsini genişləndiməyi bacarıb. Xanım deputatın Qarayev metrosunun yaxınlığında bir neçə restoran, geyim və gözəllik salonları, tibbi ləvazimatların satışı mərkəzinə sahib olması heç kəsə sirr deyil.
Deputatların biznes və sahibkarlıq fəaliyyətini Teleqraf.com-a şərh edən keçmiş deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, dövlət məmurları və parlament üzvlərinin gəlir deklorasiyası ilə bağlı məsələlərin həlli olduqca vacibdir: “Görünən odur ki, əks halda bu məsələ həll olunmayacaq. Müxtəlif çıxış yolları tapıb bunu “həll” edəcəklər. Dövlət məmurları və deputatlar övladları olmasa da, beşinci şəxsin adından öz bizneslərini kənardan idarə edəcəklər. Əslində dünya ölkələrinin əksəriyyətində bu cür hallar var. Amma bu məsələlərin məhdudlaşdırılması üçün gəlir deklorasiyasının gündəmə gəlməsi müəyyən qədər təsirli ola bilər. Bu təcrübə hələlik Azərbaycanda işləmir. Qanunlardakı boşluqlardan yararlanma hallarının qarşısı alınmalı, buna qarşı dərhal ciddi təsirli tədbirlər görülməlidir. Həmin şəxslər dərhal vəzifələrindən uzaqlaşdırılmalıdır”.
Sabiq deputat, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də vurğulayıb ki, millət vəkillərinin başqa ödənişli fəaliyyətlə məşğul olmaları birmənalı olaraq qadağan edilir: “Milli Məclisin deputatlarının sahibkarlıqla məşğul olmasına qanun yol vermir. Belə bir fəaliyyət olacaqsa, onların deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Dövlət məmurları və millət vəkilləri bizim həyatımızla bu və ya digər şəxslərlə bağlı məcburi xarakterli qərarlar qəbul edə bilən səlahiyyət sahibləridir. Onlar eyni zamanda başqaları üçün hüquq və vəzifələr yaradacaq qərarlar qəbul edirlər. Belə hallarla rastlaşmaq isə səlahiyyətlərinin itirilməsinə gətirib çıxara bilər”.