ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan 30 il ərzində Avropanın enerji təhlükəsizliyi, transmilli təhdidlərə qarşı mübarizə, ikitərəfli ticarət və investisiyaların inkişaf sahəsində güclü tərəfdaşlara çevrilmişik. Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, həmçinin Ukraynaya dəstəyinizi, xüsusilə də humanitar yardımlarınızı yüksək qiymətləndiririk”, - E.Blinkenin təbrik mesajında qeyd edilir.
Məlumatda bildirilir ki, ABŞ təkcə möhkəm iqtisadi əlaqələr hesabına deyil, həm də insanlar arasında əlaqələr hesabına Azərbaycan ilə münasibətləri genişləndirməkdə davam etməklə qürur duyur: “Minlərlə Azərbaycan və ABŞ vətəndaşı bir yerdə işləyir və təhsil alır, həmçinin innovasiyaları tətbiq etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə edirlər”.