28 Noyabr 2014 17:31
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti “Gilan” Tekstil Parkında olub.

Teleqraf.com-un məlumatına görə, qonaqlara məlumat verilib ki, parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. “Gilan” Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.

Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı qonaqlara parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkının sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın, Peşə Tədris Mərkəzinin və 3 emalatxananın tikintisinə başlanılacaq. Sənaye parkında görülən işlər və burada investorlar üçün yaradılmış əlverişli şərait konfrans iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

İran nümayəndə heyəti həmçinin, Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Qonaqlara məlumat verilib ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. 2009-cu ildən fəaliyyət göstərən STP Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Gələcəkdə Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb. Sumqayıt Texnologiyalar Parkı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonra qonaqlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunmuş “Azgüntex” MMC-də olmuş, zavodun fəaliyyəti ilə yaxından tanış olublar.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər