26 İyun 2022 13:50
2 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Ordusunun yaranmasının 104-cü ildönümüdür.

Azərbaycan Milli Ordusunun meydana çıxması Müsəlman Korpusunun yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Zaqafqaziya Komissarlığı 1917-ci ildə həm gürcü, həm erməni, həm də Azərbaycan xalqlarının milli hərbi qüvvələrinin yaradılmasını münasib bildi. O ilin 11 dekabrında həmin hökumət çoxluğu Azərbaycan türklərindən oluşan Müsəlman Korpusunun yaradılması haqqında qərar verdi.

Korpusun komandiri rus-yapon müharibəsində “rus topçuluğunun Allahı” adını qazanmış general-leytenant Əli ağa Şıxlınski təyin edildi. Ancaq bu korpus xalqı qorumaq gücündə deyildi. O üzdən 1918-ci ildə müstəqil dövlətin yaradıldığı elan edilən zaman azərbaycanlıların düşmən qarşısına çıxarmağa milli silahlı qüvvəsi yetmədi və özünü qorumaq üçün onlar millətdaşı olan Osmanlı dövlətindən hərbi yardım istəmək məcburiyyətində qaldı. Osmanlı səltənətinin Baş komandan vəkili Ənvər paşa öz qardaşı general Nuru paşanın komandanlığı altında 12-14 min nəfərlik Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Azərbaycan Cümhuriyyətinin elanından sonra hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu” (ƏAK) adlandırıldı.

İlk hökumət kabinəsində Hərbiyyə Nəzarəti olsa da Gəncədə təşkil edilmiş ikinci kabinədə bu nazirlik nəzərdə tutulmamışdı, çünki ordu ilə bağlı bütün səlahiyyətlər Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu Ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil (İsmayıl xan Ziyadxanov) vardı. Qafqaz İslam Ordusu komandanının 13 avqust 1918-ci il tarixli əmrinə əsasən Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. Beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik hərbi qüvvəsi yarandı. Bu qüvvə ağır hərbi əməliiyatlardan sonra 15 sentyabr 1918-ci ildə ingilis-rus-erməni hərbçilərindən təmizlədiyi Bakını Azərbaycanın əbədi paytaxtı etdi.

1918-ci ilin oktyabrında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu Qafqazdan və Azərbaycandan çəkilməyə başladı. Buna görə hökumət 1 noyabr 1918-ci ildə Hərbiyyə Nəzarətinin yaradılması haqqında qərar çıxardı. Bu Nəzarət Baş nazirə həvalə edildi, onun müavini isə tam topçuluq generalı Səməd ağa Mehmandarov təyin olundu. Mehmandarov 7 noyabr tarixli əmrində öz vəzifələrinin icrasına başladığını bildirdi. Ümumi Qərargahın rəisi vəzifəsi polkovnik Həbib bəy Səlimova tapşırıldı.

Xoyskinin 26 dekabr 1918-ci ildə təşkil edilmiş üçüncü hökumət kabinəsində Mehmandarov hərbiyyə naziri təsdiqləndi. Dekabrın 29-da Şıxlınski onun müavini təyin edildi. Baş nazir Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 24-də təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində də onlar bu vəzifələri tutdular.

Hökumətin 2 yanvar 1919-cu il qərarı ilə Əlahiddə Azərbaycan Korpusu ləğv olundu. Onun qərargahındakı zabitlər Hərbiyyə Nazirliyi aparatına və qoşun hissələrinə göndərildilər. 10 yanvar 1919-cu ildə hərbiyyə naziri yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərbi Şura yaradıldı. Martda general-leytenant Məhəmməd bəy SulkeviçBaş Qərargahın Baş İdarəsinin rəisi vəzifəsinə gətirildi.

Hərbiyyə nazirinin 11 fevral 1919-cu ildə təqdim etdiyi süvari qoşunlarının türk dilində Əsasnaməsi və Azərbaycan Ordusunun geyim forması təsdiq edildi. Bunlar Azərbaycanın milli hərb tarixində ilklər idi.
26 may 1919-cu ildə Məclisi-Məbusan Azərbaycan Cümhuriyyətinin mərkəzi, qəza, dairə və şəhər hərbi idarələrinin yaradılması haqqında Əsasnaməni təsdiq etdi. Bildirildi ki, bütün Cümhuriyyətdə hərbi mükəlləfiyyət işinə baxan ali qurum Azərbaycan Mərkəzi Hərbi İdarəsidir.

1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı. Polkovnik Rüstəm bəy Şıxlınski onun rəisi təyin edildi. Məktəbdə oxuyanlar “yunker” adlanırdı. Təhsil müddəti 2 il nəzərdə tutulmuşdu. 1920-ci il aprelin 24-də bu məktəbin vaxtından qabaq buraxılışı oldu, 104 zabit təhsilini uğurla başa vurdu. Çox təəssüf ki, cəmisi 3 gündən sonra Azərbaycan rus süngüləri ilə işğal olundu və həmin milli kadrların çoxunu işğalçılar cismən məhv etdi.
30 yanvar 1920-ci ildə hökumət Azərbaycan Cümhuriyyəti hərbi ordenlərinin, milli himninin, gerbinin və möhürünün layihələrinin hazırlanması haqqında qərar verdi.

Azərbaycan Ordusu öz fəaliyyəti dövründə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə apardı. Bakının azad edilməsində, Dağlıq Qarabağdakı qiyamın yatırılmasında, Yalama stansiyasında XI qırmızı ordunun qarşısının alınmasında öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. Ancaq arxasında böyük dövlətlərin dayandığı general Denikinin ağ ordusunu əzmiş XI ordunun qarşısında dayanmaq mümkün deyildi. Sovet Rusiyası Azərbaycanın müstəqilliyini aradan qaldırdığı kimi, onun Ordusunu da tarixdən sildi...

***

Azərbaycan Ordusu haqqında mühacirətə gedən zabit və əsgərlər müxtəlif xatirələr yazıblar. Onlardan biri də Qafqaz İslam Ordusunda dülgər olaraq çalışmış Əli Volkan idi.

Mühacir şair Əli Usta Volkan 1897-ci ildə Nardaranda doğulub. Mühacirətdə xalq şairi Ali Volkan, Ali

Usta adı ilə tanınıb. Azərbaycan Cümhuriyyəti Milli Ordusunun Gəncədəki üçüncü piyada alayında dülgər kimi çalışıb. 1924-cü ildə Türkiyəyə mühacirət edib, orada “Azərbaycan xalq şərqi və maniləri” adlı kitab hazırlayıb. Adapazarında yaşayan Əli Volkanın mühacirətdə “Yeni Kafkasya”, “Azərbaycan” kimi dərgilərdə şeirləri, məqalələri, xatirələri çap olunub. 1981-ci ildə vəfat edib. Onun ordumuzla bağlı yazdığı xatirəni təqdim edirik:

***

1919-cu il, təbiətin canlandığı bir bahar günü idi. Azərbaycan milli ordusunun 3-cü piyada alayında Gəncədə əsgərliyimi edirdim. Bir səhər çağı “Hazır ol!” borusu çalındı. Bu səs yüz ildən bəri istiqlal həyatına susamış millətin azad iradəsini dünyaya bağırmaq üçün səslənirdi.

Hazırlığımız tamamlandı. Birinci və ikinci tabor yürüşə başladı. Birinci taborun komandanı Kəsəmənli (bu zabitimizi istiladan sonra Tiflisdə ruslar şəhid etdilər) ağ at üzərində öndə yürüyür, onun arxasınca biz sevinc içərisində Gəncə küçələrindən keçərək irəliləyirdik. Bu gediş Bakıda keçiriləcək əsgəri mərasimə qatılmaq üçün idi. Yol boyunca toplanan xalq sevinc göz yaşları içində bizi uğurlayırdı. Nəşəmiz hüdudsuz idi.

Qatara mindik. Əsgərin şərqi səsi qatarın gurultusunu yox edirdi. Hacıqabul stansiyasına yaxınlaşdıq. Burası məhşəri bir qələbəlik halında idi. Kəndlilər satmaq üçün gətirdikləri qidaları bizə pulsuz olaraq verirdilər.

Nəhayət, Bakıya çatdıq. Mərasim stansiyaya yaxın geniş bir meydanda ediləcəkdi. Dövlət ərkanı şərəf tribunasında yer almışdı. Böyük və həyəcanlı rəsmi keçid edildi. Hərbiyyə nazirimiz Səməd paşa Mehmandarlı rəsmi keçidi qəbul edərək əsgərləri hərarətlə salamladı. Böyük milli öndər Məhəmmədəmin Rəsulzadə ordumuza qısa və anlamlı xitab etdi.

Mərasim bitdikdən sonra Xəzərin sahilindən keçərək Vilayət parkının önündən Salyan qışlasına yönəldik. Bu əsnada yaşlı bir vətəndaş dəsmalı ilə sevinc göz yaşlarını silərkən bizlərə xitabən belə deyirdi: “Övladlarım, Allah sizləri qorusun, qılınclarınız kəskin olsun!”
Bu sırada ordumuz qürurlu addımlarla irəliləyərkən bu beytləri söyləyirdi:

Bayrağım yüksəldi səmaya qarşı,
Yenidən çalındı istiqlal marşı.

Azəri qardaşlar həp əhd edəlim,
Bu yurdu yaşatmağa cəhd edəlim.

Azəri övladı eyləmiş yəmin,
Çeynətməz düşmənə şanlı vətənin.

Azəri qardaşlar həp əhd edəlim,
Bu yurdu yaşatmağa cəhd edəlim.

Komandanımız Kəsəmənlidən bir az irəlidə qaraşın bir vətəndaş qalpağını əlinə alaraq ünü çatdığı qədər bağırırdı: “Azərbaycanım, sənə göz dikənlərin gözü çıxsın! Yaşasın milli istiqlalımız! Yaşasın millət və vətənimiz! Məhv olsun alçaq düşmən!”

Bu şəxsin həyəcanlı halını hələ də unutmuram.

Yolun hər iki tərəfinə qadınlar və uşaqlar qələbəlik şəkildə toplanmışdılar. Belə ki, çətinliklə irəliləyirdik. Bir ara ətrafımızdakı qadınlara “Bacılar, bir az geridə durun, keçə bilim” dedim. Aralarından biri nə desə yaxşıdır: “Səsini kəs, buradan keçənlər rus “saldatları” deyil ki, qorxub evlərimizə qaçaq. Bunlar öz yavrularımızdırlar”.

O gecəni Salyan qışlasında keçirdik. Ortada belə bir şayiə dolaşırdı: Bakıdakı ingilis qüvvətləri komandanı general Tomson Səməd paşaya və Hacı Zeynalabdin Tağıyevə rəsmi keçid əsnasında belə demişdir: “Həqiqətən, belə bir ordunu harada və nə vaxt yetişdirə bildiyinizə heyrət edirəm...”.
Bəli, qısa zamanda çox böyük işlər görüldü...


Müəllif: Dilqəm Əhməd