13 İyul 2022 19:51
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə yalnız dağıntı, itki, yaralı vermir. O, qanlı hadisələrin iştirakçısı olmuş insanlarda dərin psixoloji hal yaradır. Müharibələr nəticəsində posttravmatik stress pozğunluğu (travmadan sonrakı sarsılma halı) yaranır. Belə vəziyyətə düşən müharibə iştirakçısının psixikasında təkrarlanan hadisələr yaranır. Psixoloqlar bildirirlər ki, bu travmatik xarakterli təhlükəli haldır. Belədə həmin insanlar özlərini aciz hiss edirlər. Psixoloji travmalar 25-30 faiz hadisədə posttravmatik stress pozğunluğuna səbəb olur. Travma alan insanların 60 faizi daha sonra əziyyət çəkirlər.

Əslində, ABŞ hərbçiləri Vyetnam, Əfqanıstan müharibələrində bu halı yaşayıblar. 1955-1975-ci illərədək davam etmiş bu müharibədən sonra hərbçilərin və əsgərlərin çoxu öz evlərində sağ qalmadı. Bu hadisəyə “Vyetnam sindromu” deyilir. Müharibədə öldürülən bir nəfərə Vyetnam müharibəsinin üç keçmiş əsgərinin intiharı düşür. Bu müharibədə 2,5 milyon amerikalı gənc iştirak etmişdi. Onlardan 58 mini itkin düşmüş sayılırdı. 150 mini isə döyüşlərdə aldıqları mənəvi travmalarla evlərində bacarmırdı. ABŞ hərbçiləri İraq, Əfqanıstanda və oralardan evə döndükdən sonra da aldıqları psixoloji tramvaların cəngindən xilas ola bilməyib. ABŞ-ın Veteranların işləri üzrə Komitəsi İraq və Əfqanıstan müharibəsində iştirak etmiş 4 800 qadın və kişinin tarixini araşdırıb. Onlar İraq və ya Əfqanıstanda ezamiyyətdə bir dəfə olublar. Həmin insanlarla üç dəfə söhbətlər aparılıb. Bununla belə, araşdırma nəticəsində onlarda (6,1 faiz kişi və 6,7 faiz qadında) posttravmatik stress pozğunluğu müəyyən edilib. Qadın və kişilərin sarsılmasının ağırlığı bir-birindən fərqlənməyib.

Düzdür, Vyetnam müharibəsindən sonra amerikalı hərbçiləri heç evdə də birmənalı olaraq qəhrəman kimi və xoş qarşılamadılar. Yaşadıqları mühitdə onları təhqir etməkdən belə çəkinməyənlər olub. Onlara rişxəndlə yanaşanlar da az olmayıb. “Müharibədə nə işin var idi?”, “Niyə getmişdin?”, “Ora sənin yerin idi?”, “Nə qazandın?” və başqa aşağılayıcı suallar yağdırırdılar. Halbuki bu müharibə keçmiş SSRİ ilə ABŞ-ın siyasi-ideoloji maraqlarının savaşı idi. Ancaq Amerika və sovet hərbçiləri ora özbaşına getməmişdilər. Onlar vətəndaşı olduqları ölkənin hakimiyyətlərinin əmrini yerinə yetirmək üçün Vyetnam, Əfqanıstan, İraq və Suriyada savaşırdılar. II Dünya müharibəsindən sonra evinə dönmüş sovet əsgərləri də posttravmatik stress pozğunluğunu yaşayıb.

Azərbaycan vətəndaşları isə başqasının torpaqlarında müharibə etməyib. O, öz dövləti, öz yurdunun işğaldan azad olunması uğrunda müharibə aparıb. Mətbuatda və sosial şəbəkələrdə 44 günlük müharibədə iştirak etmiş vətəndaşlarımızın, qazilərimizin travmadan sonrakı sarsılma hallarına dair xəbərlər yayılır. Məsələ onların yalnız sosial problemlərinin təmin olunması ilə bitmir. Onlar 44 gün silah, raket, top səsi eşidib. Hər gün öləcəklərini, şəhid olacaqlarını gözləyiblər. Bu insanları səhər yuxudan top səsinə oyanıblar. Onlar səhər əsgər, hərbçi yoldaşlarını qan içində görüblər. Qazilər bədənlərində yaralarla yanaşı, mənəvi cəhətdən psixoloji travma da alıblar. Bu hal onları sakit qoymur. Onlar tez-tez haldan-hala düşür, yaşadıqları ağır günləri xatırlayırlar. Düşməni əzən belə insanlar aciz görünürlər. Bu və digər baxımdan müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə qayğı hər kəsin borcudur. Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra 100 min şəxsə 191 min xidmət göstərilib.

Təəssüflər olsun ki, ömrü boyu güllə, top, raket səsi eşitməyənlər, gözlərinin önündə əsgər, hərbçi yoldaşının necə əziyyətlə şəhid olduğunu görməyənlər onların halını anlamırlar. Bir sıra hallarda onların tələblərini kobud şəkildə qarşılayırlar. Onlara qarşı həssaslıq göstərmək hər kəsin borcudur. Qayğı ilə əhatə olunması onların psixoloji halının başlıca müalicəsidir. Ailədən cəmiyyətə, dövlət orqanlarından məmurlaradək hər kəsin bu reallığı qəbul etməsi vacib sayılır. Onlar bizim aramızdadır. Bu insanlar düşdükləri sosial-psixoloji halları ilə də bizə düşməni xatırladırlar. Həmin insanlar varlıqları ilə bizə vətəni qorumağın hər kəsin borcu olduğunu bir daha sübut edirlər. Qazilər vətən torpaqlarının aşiqləridir.


Müəllif: Mənbə/Report