5 Avqust 2022 13:10
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın anti-terror əməliyyatına başlamasından bir gün sonra və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya lideri Vladimir Putinin Qarabağ, eləcə də regionda baş verən digər prosesləri müzakirə masasına yatıracaq görüşündən bir gün əvvəl gündəmimiz yeni bir olayla silkələndi. Azərbaycanın Londondakı səfirliyi özlərini “Mehdi Qulluqçuları Birliyi” adlandıran qrupun üzvlərinin hücumuna məruz qaldı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, belə bir hücumun baş verməsi və ümumiyyətlə hədəf olaraq məhz bizim səfirliyin seçilməsi, istər-istəməz müəyyən suallar doğurur:

“Bu sualların ən başında gələni isə, sözügedən qruplaşmanın hansı ideoloji xəttə mənsub olması və liderinin kimliyidir. Deyim ki, hücum edən qrup üzvləri adi şiə qruplaşması hesab edilə bilməz. Görünən budur ki, radikal şiə qruplaşmalarına təsiri olan bəzi qüvvələr, Məhərrəmlik kimi müqəddəs bir ayda, Azərbaycanın haqlı olaraq anti-terror əməliyyatlarına start verdiyi bir dönəmdə, Ərdoğan-Putin görüşündə masaya yatırılacaq əsas məsələlərdən birinin Qarabağ olacağı bir zamanda, həmçinin İraqda təsir qüvvəsi böyük olan və biri-birinə müxalif şiə qruplaşmalarının siyasi iqtidar davasına girmələri fonunda öz hesablarını güdməkdədirlər.

“Mehdi Qulluqçuları Birliyi” (“Hüddam ül-Mehdi”) 2001-ci ildə yaradılmış və İngiltərədə yerləşən şiə qruplaşmasıdır. Qruplaşma şiəliyin 12 imamilik cərəyanına mənsubdur. Lideri isə küveytli din xadimi Yasər Yəhya Abdullah əl-Həbibdir.

Qrup əhli sünnə əleyhinə kəskin çıxış və fikirləri ilə seçilir, peyk kanalı vasitəsilə bu cür təbliğat aparırlar. İlk üç xəlifə və peyğəmbərin səhabəsi və həyat yoldaşı Ayşə ilə bağlı ciddi mənfi münasibətləri var. Əl-Həbib xüsusilə Ayşə haqda sərt fikirlərinə görə 2010-cu ildə Küveyt vətəndaşlığından çıxarılıb.

2013-cü ildə 1.2 milyon funt-sterlinqə aldıqları keçmiş kilsənin yerində Bukingemşir ştatının Fulmer şəhərində Əl-Muhassin məscidini qurublar. Yasər əl-Həbib isə Küveyt siyasi-dini spektrində “radikal sağçı” hesab olunur. O, İran hökumətinə düşmən münasibət bəsləyir və İranın ali dini lideri Əli Xameneyinin dini avtoritetini qəbul etmir.

Əl-Həbib həmçinin İraqdan olan Məhəmməd Hüseyn Fədlallahini “mübtadi (dində yenilikçi)” olaraq pisləyir. Baxmayaraq ki, Fədlallahi Livana köçdükdən sonra ənənəvi şiə fiqhinə əsaslanan İslam Şəriəti İnstitutu Hövzəsinin əsasını qoyub. Ola bilər ki, burada münasibətlərə təsir edən amil onun İran şiə doktrinasını müdafiə etməsi, Hizbullahi ilə müəyyən əlaqələrinin olması, hətta hizbullahçıların Fədlallahini mənəvi lider kimi qəbul etmələri əsas olub. Əl-Həbib eyni zamanda vəhdət tərəfdarı olan şiələrə münasibətdə də radikal fikirləri ilə tanınır, onları “bətri” - yəni, “xəyanətkar” hesab edir”.

Vüqar Zifəroğlu bildirib ki, qrupun tam şəkildə qəbul etdiyi və hətta mənəvi dini lideri hesab etdiyi başqa bir ayətullah da var:

“Əslində, qrupla bağlı maraqlı məqamlar məhz bu zaman ortaya çıxır. Qrupun tam şəkildə qəbul etdiyi din xadimin adı Ayətullah Sadiq əl-Şirazidir. “Mehdi Qulluqçuları Birliyi”nin lideri Əl-Həbib də Qumda olarkən Məhəmməd Rza əş-Şirazinin yanında təhsil alıb və Müctəba əl-Şirazinin kürəkənidir. Yəni həm də Şirazi ailəsi ilə yaxın qohumdur. Buna görə də o, Avropada əş-Şirazi şəbəkəsinin (şiraziyyin) tərəfdarı sayılır. Qrup üzvləri Sadiq əl-Şiraziyə mərcəyi (dini təqlid mənbəyi) kimi tabe olurlar.

Ayətullah Xomeyni sürgündə olarkən Kərbəlaya getdiyində Hüseyn Şirazinin əmisi Ayətullah Məhəmməd Hüseyn Şirazi tərəfindən maraqla qarşılanmışdı. İnqilabın ilk illərində müxaliflərin öldürülməsinə qarşı çıxan Şirazi təxminən 20 il Qum şəhərində ev dustağı olub. İranda mühafizəkarlara yaxın olan mənbələr iddia edir ki, Ayətullah Məhəmməd Hüseyn Şirazinin SAVAK (İran şah dövrünün kəşfiyyat orqanı) ilə əlaqəsi olduğunu iddia edərək, İran-İraq müharibəsinə qarşı çıxması səbəbi ilə Xomeyni Şirazi ailəsinə qarşı mövqe tutur. Ayətullah Məhəmməd Hüseyn Şirazinin 2001-ci ildə vəfat etməsindən sonra Şirazi ailəsinin ən nüfuzlu üzvü Ayətullah Sadiq Şirazi olur.

Xomeyni kimi siyasətin dindən ayrılmayacağını düşünən Sadiq Şirazi, idarəçiliyin Vilayəti Fəqih deyil, Vilayeti Şurayi Merci Təqlid şəklində olmasını müdafiə edirdi. Əslində bununla da o, İranın rəsmi doktrinasına alternativ irəli sürməkdə idi.

Xomeynidən sonra Şirazi ailəsinin ulduzları Xameneyi ilə də barışmır. Vilayəti Fəqihlə bağlı mübahisə davam edərkən, Şirazilər ailəsinə aid olduğu iddia edilən onlarla televiziya və radio kanalının xaricdə İran administrasiyası və Xameneyi əleyhinə yayımlar təşkil edir. İranlı mühafizəkarlar Şirazi mediasını Böyük Britaniyadan dəstək almaqda ittiham edirlər.

2010-cu ildə Sadiq Şirazinin İngiltərədəki qardaşının küveytli kürəkəni Yasir Əl-Həbibin, yəni səfirliyimizə hücum edən qrupun liderinin peyğəmbərin qohumlarını təhqir etməsi İslam ölkələrinin ciddi etirazına səbəb olmuşdu. Yenə də Əl-Həbibin televiziyada etdiyi çıxışlardan birində Britaniya kraliçasının Əhli Beytə inandığını iddia etməsi, onun İngiltərə ilə yaxın olması iddiasının güclənməsinə səbəb oldu”.

Politoloq qeyd edib ki, Xameneyinin 2016-cı ildə etdiyi çıxışda Şirazi ailəsini nəzərdə tutaraq “ingilis şiəsi” ifadəsini işlətməsi ilə Tehranın nəzarətində olam mediada bu ailəyə və cərəyana qarşı total təbliğata start verilmişdi:

“İranda mühafizəkarlara yaxınlığı ilə tanınan “Təsnim” xəbər agentliyində dərc olunan məqalədə Şirazi ailəsi açıq şəkildə ingilislərdən dəstək almaqda ittiham edilirdi.

İranın təqlid mərcilərindən biri olan Ayətullah Sadiq Şirazinin oğlu Ayətullah Hüseyn Şirazinin isə 2018-ci ildə etdiyi çıxışda o, İran rəhbərliyini müharibə tərəfdarı olmaqda ittiham edərək, İran lideri Əli Xameneyini hədəf almışdı. O, həmçinin Vilayəti Fəqih məqamını “Misir fironluq düzəni”nə bənzətmişdi. Bu çıxışdan sonra Qum şəhərinin Ruhanilər Xüsusi Məhkəməsi tərəfindən oğul Şiraziyə qarşı iddia qaldırıldı və Hüseyn Şirazi saxlanıldı. Bu həbs həm də Şirazi tərəfdarlarının İraq və Britaniya mərkəzli etirazlarına yol açdı. 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn əl-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Sonra polis tərəfindən həbs ediliblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər