10 Avqust 2022 18:57
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ankaranın Bakıdan istəklərindən biri Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə təmaslarını və gediş-gəlişlərini sıxlaşdırmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyədə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti liderləri arasında baş tutan görüşə diqqət çəkib:

“Azərbaycan Prezidenti İlham Əliyev Konyada türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanaşı, Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ərsin Tatarla görüşüb, onunla fikir mübadiləsi aparıb. Ərsin Tatar Tvitterdə yazıb ki, İlham Əliyevlə görüş zamanı əlaqələrin inkişafını müzakirə edib.

Rəsmi Bakı Qarabağ məsələsinə görə uzun müddətdir Kiprin müstəqilliyini tanımır. Ehtiyat edilir ki, yunanlar Azərbaycan əleyhinə Qarabağ separatçıları ilə əlaqələr qura bilərlər. Əslində Yunanıstan və Kipr Yunan Respublikasının erməni separatizminə simpatiyası sirr deyil, İrəvanla üçtərəfli format də təsis ediblər.

Azərbaycan Qarabağda separatizmi tam bitirdikdən sonra Şimali Kipr Türk Cumhuriyyətini rəsmən tanımaq imkanı qazanacaq. Buna qədər Azərbaycanın Şimali Kiprlə sıx iqtisadi və turizm əlaqələrini inkişaf etdirməyə heç nə mane olmur. Mərhum dövlət başçısı Heydər Əliyev 1990-cı illərin sonunda Şimali Kipr Türk Cümhuriyyətinin əfsanəvi lideri Rauf Denktaşı Bakıya dəvət etmişdi. Bundan sonra Bakı-Lefkoşa təyyarə reysinin açılması gündəmdə idi, amma iş yarımçıq qaldı”.

Kiprin gözəl turizm məkanlarının olduğunu bildirən Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə üzərindən yay aylarında adada dincəlməyə gedən soydaşlarımız var:

“Kipr universitetlərində təhsil alan tələbələrimiz az deyil. Ticarət əlaqələrini genişləndirmək üçün də imkanlar var. Ankaranın da Bakıdan istəyi Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə təmaslarını və gediş-gəlişlərini sıxlaşdırmasıdır. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və Ərsin Tatarla birgə şəkil çəkdirərək paylaşmağı lazım bilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər