ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter Azərbaycan və Ermənistanı Böyük Sülh Sazişinə hazırlaşmağa çağırıb.
Teleqraf.com-un məlumata görə, D. Burkhalter ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən 21-ci iclasının birinci iş gününün sonunda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğu Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu qeyd edib.
O, Krımın Rusiya tərəfindən ilhaq olunması və Ukraynanın şərqində separatçıların dəstəklənməsinin yolverilməz olduğunu və bu məsələdə Avropanın birmənalı mövqe göstərdiyini vurğulayıb.
İsveçrənin XİN başçısı D. Burkhalter Moldovanın Dnestryanına yüksək muxtariyyət vermək barədə öhdəliyini dəstəklədiyini qeyd etsə də, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı müzakirələrdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını deyib.
Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, D. Burkhalter həmsədr ölkələrin bəyanatını dəstəklədiyini bildirib: “Mən bu bəyanatı bölüşürəm və tərəfləri Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün danışıqlara səsləyirəm”. /APA/