“Tehranda MOSSAD-ı görə bilməyən İran rejimi Zəngilanda MOSSAD axtarır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert İranın anti-Azərbaycan açıqlamalarını artırdığını bildirib:
“Azərbaycanın uğurlu “Qisas” əməliyyatı, ordumuzun Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etməsi İran rejimini narahat edir. Artıq Tehran prosesin Zəngəzur dəhlizinin açılması ilə başa çatacağının fərqindədir. İran rejimi Azərbaycanın öz ərazilərini işağldan azad etməsini, daxilində separatizmə son qoymasını və regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir. İran rejimi ölkəmizə qarşı xoşagəlməz və düşmən münasibətini aşkar şəkildə ortaya qoyur.
Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı addımlar atan cənub qonşumuzun hazırkı mövqeyi regionda onun istədiyi siyasətin reallaşmasına gətirib çıxarmayacaq. Tehranda oturanlar bölgədəki dəyişiklikləri ağrılarla qarşılayırlar. Azərbaycanın uğurları Tehranı narahat edir, amma baş verənlər onun üçün nə qədər ağrılı olsa da, bölgədə gedən prosesləri diktə edən və Cənubi Qafqazda sülhü təmin edən bizik”.
Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü ərəfəsində Bakının əlinin güclü olması faktdır:
“Bir sözlə, prosesin müsbətə doğru irəliləməsi İran rəhbərliyində isteriya yaradır. Bölgədə “MOSSAD axtarışı”na çıxan İran Zəngilandakı fermanı “İsrail kəşfiyyatının obyekti” kimi görür. Tehran rəsmilərinə xatırlatmaq lazımdır ki, MOSSAD izini İranın paytaxtında axtarsınlar. Məsələn, İran prezidentinin iqamətgahı yaxınlığında nüvə alimlərinin öldürülməsini dərindən araşdırsalar, yaxşı olar. MOSSAD-ı Qarabağda axtaran İran öz ağzının içində olanları görmür.
Təbii ki, İranın MOSSAD və Zəngəzur hədyanları bəhanədir. İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və Türkiyənin bölgədə güclənməsini həzm edə bilmir. Üstəgəl, hərbi müttəfiqlik səviyyəsinə qalxan Türkiyə-Azərbaycan əlaqələrini. Hesab edirəm ki, İran Azərbaycana qarşı bu siyasətini davam etdirəcəksə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın haqları məsələsi gündəmə gətirilməlidir”.