“Brüsseldə Ermənistanın yaxın müddətdə hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişi ilə bağlı danışıqlara başlamağa razı salınması, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti diplomatik qələbəsidir”.
Azərbaycan Prezidenti İlham Əliyevin məsələ ilə əlaqədar İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən politoloq Elçin Mirzəbəyli belə deyib.
Ekspert Azərbaycan dövlət başçısının müsahibədə yaxın aylarda sülh müqaviləsinin imzalana biləcəyi barədə fikrinə də diqqət çəkib və qeyd edib ki, bu və Brüssel görüşündə əldə edilmiş digər nəticələr prosesin ölkəmizin istədiyi kimi irəlilədiyini göstərir:
“Brüssel görüşü Prezident İlham Əliyevin və Azərbaycanın daha bir diplomatik qələbəsi kimi yadda qaldı. Həmin görüşdə Ermənistan yaxın bir ayda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişi ilə bağlı danışıqlara başlamağa razı salındı. Təbii ki, məsələ bununla yekunlaşmır. Dövlətimizin başçısı İtaliya nəşrinə müsahibəsində bildirdi ki, Azərbaycan bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilər, Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, bu, real olacaq.
Brüssel görüşündən sonra sülh müqaviləsinin imzalanması istiqamətində prinsipial addımların atılacağı gözlənilirdi. Bundan əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov mediaya verdiyi açıqlamasında bəyan etmişdi ki, kommunikasiyaların açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsi yönündə irəliləyiş var. Yəni mahiyyət etibarilə cənab prezidentin İtaliya nəşrinə verdiyi açıqlamaları Brüssel danışıqlarının məhz Azərbaycanın prinsipial mövqeyi əsasında baş tutduğunu və razılaşmaların da bu kontekstdə əldə olunduğunu nümayiş etdirir.
Hesab edirəm ki, bütün bunlar Brüssel görüşünün və nəticələrinin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Həmçinin orada əldə edilən anlaşmalar və bundan sonra atılacaq addımlar Azərbaycanın və onun prezidentinin diplomatik müstəvidə daha bir uğurunu nümayiş etdirir”.