“Ermənistan ilin sonuna qədər sülh müqaviləsini imzalamaqdan boyun qaçırmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatına münasibət bildirən siyasi ekspert Əziz Əlibəyli deyib.
Ekspert Ermənistanın öz məkrli niyyətini həyata keçirmək üçün son günlərdə Azərbaycana qarşı təxribatçı addımların sayını artırdığını söyləyib:
“Nikol Paşinyan və əsgərləri Brüsseldə əldə edilən razılaşmanı pozmaq üçün buna qədər bir neçə təxribat həyata keçirmişdi. Zənn etmirik ki, Paşinyanın Brüsseldən dərhal sonra Rusiya səfəri az rol oynamayıb.
Hazırda ilin sonuna qədər sülh müqaviləsini imzalamamaq və ya bundan boyun qaçırmaq Ermənistanın gündəmidir. Azərbaycan isə sülhlə yanaşı, Zəngəzur dəhlizinin açılmasını da gözləyir. Buna görə də onlara lazımdır ki, Azərbaycanı hərbi toqquşmaya çəkməklə “aqressor” kimi göstərsinlər. Bunda da məqsəd sülh prosesinin dayandırılmasına nail olmaq və bunun səbəbkarı kimi Azərbaycanı göstərməkdir.
Eyni zamanda, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış prosesini şantaj etməyə çalışır. Daim toqquşma mühitini saxlamaq və sabitliyin pozulması ilə bölgəyə investisiya cəlbini önləmək istəyən Ermənistanın məqsədlərindən biri də Azərbaycan ordusunun kommunikasiya yolunu minalamaqdır. Eləcə də KTMT-nin prosesə qoşulmasına zəmin yaratmaqdır.
Ukraynada müharibənin davam etdiyi bu məqamda Rusiya yaxınlığında ikinci cəbhəni açmağa cəhd Qərbdən gələn əmrə oxşayır. İlk növbədə, Ermənistanın son addımları Rusiyaya xəyanətdir. Artıq Ermənistanın hansı qucaqda oturduğunu görürük. Bunu Paşinyanın telefon trafikindən də görmək olar”.
Əziz Əlibəyli qeyd edib ki, toqquşmaların istiqaməti Qafan-Gorus xətti üzrə gedir:
“Deməli, ilk növbədə dəhliz və kommunikasiya məsələləri gündəmə gəlir ki, ermənilər tərəfindən yollara minaların döşənməsi buna real sübutdur.
Hesab edirəm ki, Ermənistanın addımları BMT nizamnaməsinin 51-ci maddəsinin zəruriliyini işə sala bilər.
Ermənistan ordusunun iki ədəd S-300 raket kompleksinin məhvi isə göstərir ki, Azərbaycanın hərbi aviasiyası çox güclüdür və üstünlüyü bizim tərəfdə saxlayacaq”.