13 Sentyabr 2022 12:00
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatı pisləyirəm. Bu həssas və gərgin zamanda xalqımız birlik və həmrəylik nümayiş etdirməlidir. Çünki belə görünür ki, Ermənistan xoş dil və rəftardan anlamır və biz onları sülhə məcbur etməliyik. Ermənistanın təxribatları dayanmır və üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Cəbhə partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu günə qədər Ermənistan silahlı birləşmələri Qarabağın dağlıq hissəsində qalmaqda davam edir:

“Ermənistan Qarabağda yaşayan ermənilərlə ayrıca çəkilmiş keyfiyyətli yol vasitəsilə əlaqə saxlaya, ora gediş-gəliş edə bilir. Ermənistan isə Naxçıvana quru və dəmir yolu dəhlizi açacağı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən də imtina edir. Ermənistan Azərbaycanın israrlı sülh təkliflərinə qarşı etinasız davranır və hər gün məntiqsiz və mümkün olmayan yeni şərtlər irəli sürür. Ona görə də Ermənistanın təxribatlarına layiqincə cavab verməliyik və ordumuz bunu edir.

Artıq Ermənistan qarşısında haqlı iddialarımızı qaldırmağın zamanıdır. Zəngəzur və Göyçə keçən əsrin əvvəllərində Azərbaycandan alınaraq Ermənistana verilib. Yüz minlərlə vətəndaşımız evindən, yurdundan didərgin düşüb. İndi ora qayıtmaq zamanıdır.

Zəngəzur və Göyçə Azərbaycandır və biz ora dönməliyik. Naxçıvana Ermənistandan dəhliz istəməli deyilik, sadəcə tarixi torpağımızı geri qaytarıb Azərbaycanı Naxçıvanla quru sərhədi vasitəsilə birləşdirməliyik”.

Razi Nurullayev Ermənistana dəstək verən və Azərbaycana qarşı çıxan dövlətlərə də müraciət edib:

“Gözünüzü açın, Ukraynaya baxın, Gürcüstana, Moldovaya baxın, dəyişən və ədalətsizlik burulğanına çevrilən dünyaya baxın. Bunu sizlər etmisiniz. Sizlər beynəlxalq hüququ ayaqlar altına salıb tapdalayanda, ikili standartlar həyata keçirəndə hər şey bərbad oldu və olur.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini nəyin bahasına olur-olsun qoruyacaq və sizlərdən icazə istəməyəcək. Sizlər hakimlik rolunu saxta qərarlar verməklə çoxdan itirmisiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər