Barəsində həbs qətimkan tədbiri seçilən jurnalist Əvəz Zeynallının iş yerində növbəti dəfə axtarış aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı özünün feysbuk hesabında paylaşım edib.
“Baş Prokurorluğun İstintaq İdarəsi “Xural TV”nin redaksiyasında 2-ci dəfə axtarış apardı” – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.