Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir.
Teleqraf.com xəbər verir ki, dünən zirvə çərçivəsində baş tutan görüşlər bütün dünyada yaxından izlənilərkən, Çin lideri Si Cinpinin davranışı müzakirələrə səbəb olub.
Pandemiyanın başlanmasından sonra ilk xaricə səfəri çərçivəsində Özbəkistana gələn Çin lideri Türkiyə, Azərbaycan və Rusiya liderləri ilə görüşüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sammitə qatılan dövlət başçılarına şəhəri göstərərkən, Çin liderinin orada olmaması diqqət çəkib.
Si liderlərin fotosessiyasına, şəhər turuna və digər liderlərlə şam yeməyinə qatılmayıb. Yeməkdən sonra çəkilən fotoda da Si Cinpinin yer almaması diqqət çəkib.
Si və onu müşayiət edən nümayəndə heyətinin COVID-19 qaydalarına görə kütləvi tədbirlərə qatılmadığı bildirilir.
Pandemiyanın başlanğıcından bəri Çin “sıfır COVID siyasəti” səbəbindən çox sərt tədbirlər həyata keçirməyə davam edir.
Çin liderinin də bu səbəbdən yaxın təmaslardan qaçdığı, görüşlərə maska ilə qatıldığı deyilir. Təsadüfi deyil ki, Si Cinpin sammitə qatılan dövlətlərin liderləri ilə görüşlərində maska ilə görüntülənib.