Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı qərar bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Qeyd edək ki, vəkilləri Elçin Sadıqovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi. Ötən gün keçirilən iclasda məlum olub ki, o, həbs olunduğu gündən (11 sentyabr) aclığa başlayıb.
***
14:20
Vəkli Elçin Sadıqovun ev dustaqlığına buraxıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılmalı idi.
Qeyd edək ki, sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlar təmin edib.
Qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əvəz Zeynallı və vəkil Elçin Sadıqov "Baku Still Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.