Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Nyu Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.
"Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarıma bu gün burada olduqlarına görə təşəkkür etmək istəyirəm. Keçən həftə son döyüşlərdə ölən və ya yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verməklə başlamaq istəyirəm. Döyüşlərin dayandırılması və son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması bizi ruhlandırır. Həm Ermənistanın Baş naziri Nikol Paşinyanla, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Amma məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır", - Blinken qeyd edib.
Qeyd edək ki, Nyu Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar keçirilib.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə baş tutub.