Bu gün Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda iki günlük beynəlxalq simpozium keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.
Öncə şəhidlərimizin xatirəsi ehtiram sükutu ilə yad edilib. Daha sonra dövlət himni, ardınca Quran tilavəti səsləndirilib.
İlahiyyat İnstitutunun direktoru Aqil Şirinov birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu nəzərə çatdırıb.
"Bu gün dünyada islamafobiya geniş yayılıb və belə bir fikir formalaşır ki, İslam mədəniyyəti birgəyaşayışa uyğun deyil. O baxımdan İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə ehtiyac var" - rektor qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, İslam mədəniyyətinin bir parçası olan Azərbaycan keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir və dövlətimiz bu sahəyə bu gün də böyük diqqət göstərir.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı Mevlüt Erten qeyd edib ki, qloballaşma dövründə ksenofobiya mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir: "Təəssüf ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, birgəyaşayış mövzusunun öyrənilməsi çox vacibdir: "Dünyamız ciddi, qlobal problemlərlə üz -üzədir. Eyni zamanda dünyanın müxtəlif ərazilərində 160-a yaxın münaqişə ocağı var. Hazırda dünyada 8 milyard insan yaşayır və insan artımı digər problemi ortaya çıxarır. Bu simpozium bütün bu problemlərə, çağırışlara cavab axtarışıdır".
O qeyd edib ki, Azərbaycan birgəyaşayış təcrübəsində İslam ölkələrinin örnək ölkələrindən biridir.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, birgəyaşayış demokratik və multikultural cəmiyyətimizin əsas dəyərlərindən biri kimi onun ölkəmiz üçün həmiyyəti gedərək artan məsələlərdəndir.