Məşhur ukraynalı yazıçı və ədəbiyyatşünas Dmitri Stus Azərbaycan və Ermənistan arasında son günlər yaranmış gərginliklə bağlı fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov məlumat verib.
Ukraynalı yazıçı Azərbaycanın işğal dövründə dünya birliyinin ədalətsizliyi ilə üz-üzə qaldığını bildirib:
“Azərbaycanla Ermənistan arasında qanlı münaqişə 30 ildən artıqdır ki, davam edir. Ermənistan vaxtilə Rusiyanın dəstəyi ilə Qarabağı işğal edəndə, bir müsəlman ölkəsinin çox əlverişsiz vəziyyətdə olduğu bir şəraitdə tərəfləri “dinc” danışıqlara çağıran dünya sanki buna önəm vermirdi. Həmçinin, bir neçə il əvvəl müsəlmanların ziyarətgahını - Hələbi yer üzündən silən rus hərbçilərinin əməlləri ümumi qınaqla qarşılanmamışdı. Bu isə ağrılı və ədalətsizdir, çünki vaxtilə Hələbdə baş verənlər - əhalinin və ziyarətgahların məhv edilməsi bu gün Ukraynada təkrarlanır. Xoşbəxtlikdən dünya Ukraynadakı faciəmizin fərqinə vardı.
Düşünürəm ki, Hələb faciəsinin qarşısı 2016-cı ilin noyabrında alınsaydı, bəlkə də heç kim Ukraynada oxşar ssenarini təkrarlamaq istəməzdi. Ona görə də bu gün Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası çox vacibdir. Çünki ədalət seçici ola bilməz: ya var, ya da yoxdur. Mən siyasətçi və ya siyasi şərhçi deyiləm, amma Şərqi çox sevirəm və müsəlman mədəniyyəti mənə yaxındır. Ellin mədəni irsinin önəmli bir hissəsini dünya üçün qoruyanların müsəlmanlar olduğunu xatırlamağın vaxtı gələ bilər.
Müharibəyə başlamamaq onu bitirməkdən asandır. İndi bunu başa çatdırmaq lazımdır, çünki uşaqlar ölür, qadınlar ölür, ziyarətgahlar dağıdılır. Hamımız anlayışdan və insanlıqdan uzaqlaşırıq. Müharibənin sonu olacaq, ancaq sülh müqavilələri qanuna və ədalətə əsaslananda dünya yaxşılaşacaq”.