Məşhur ukraynalı yazıçı və Ukrayna Milli Yazıçılar Birliyinin üzvü Sergey Qrabar Ermənistanın Azərbaycana qarşı son təxribatlarına münasibət bildirib.
Teleqraf.com-a bu barədə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov məlumat verib.
Yazıçı Azərbaycanın 44 günlük Vətən Müharibəsində düşmən üzərindəki qələbəsinin ona təsir etdiyini deyib:
“Əvvəlcə başlığa “konflikt” yazdım. Amma sonra fikirləşdim ki, uzun illərdir davam edən bir şeyi “konflikt” adlandıra bilərikmi? Bu, onilliklər ərzində Azərbaycan və Ermənistan arasında baş verənlər münaqişə yox, müharibədir.
Mənə deyirlər ki, orada mübahisəli ərazilər var, mən buna inanmıram. Axı ərazilər necə “mübahisəli” ola bilər ki, insanlar orada uzun illər yaşayıb, mal-qara yetişdirib, taxıl əkib, ev tikib, oranı sevib, çox sevib, orada övladlarını dünyaya gətirib, övladlarının da övladları orada doğulub. O torpaqlarda neçə nəslin genetik kodu yaradılıb. Amma bir gün yad adamlar (erməniləri nəzərdə tutur – red.) gəlib bu zəhmətkeş və qürurlu insanlara deyirlər ki, buradan gedin. Tanımadığı adamlar silahlarını qaldırıb onları aşağılayır, məsxərəyə qoyurlar, qocaları, qadınları, uşaqları öldürürlər. Oranın əsl sahibləri əvvəlki nəsillərin qanı, göz yaşı, təri ilə kodlanmış torpaqlarını bir gün geri qaytarmaq üçün silaha sarılırlar.
Mən uzun illərdir addım-addım ərazi bütövlüyünü bərpa edən azərbaycanlılardan, onların mübarizliyindən və sərt dözümlülüyündən, ədalətə qovuşmaq üçün tükənməz arzularından danışıram. Birinci və İkinci Qarabağ müharibələri arxada qaldı.
Birdən yeni bir dalğa baş qaldırdı, qarşıdurmada başladı, hər kəs silaha sarıldı, bu yolda düşmən gülləsinə tuş gələrək torpağa düşənlər oldu – o torpaqlarda yeni bir dünya qurmaq üçün şəhid oldular.
Azərbaycanlılardan danışıram, onların simasında bizləri – dəhşətli müharibədə həlak olan, hər birimizin müdafiəsinə qalxan, torpağın hər qarışını qoruyan, onu kənd-kənd, şəhər-şəhər azad edən, ruhumuzu, gücümüzü bəsləyən ukraynalıları görürəm. Azərbaycanlıların ukraynalılarla çiyin-çiyinə vuruşması isə son dərəcə vacibdir. Çünki Xeyirlə Şərin bu əbədi və barışmaz mübarizəsində kimin dost, kimin düşmən olduğunu görməyin vaxtıdır. Bəlkə də buna görə azərbaycanlılardan yazanda ukraynalıları da yada salıram, ukraynalılardan danışanda da həmişə azərbaycanlıların adını çəkirəm.
Biz - Azərbaycan və Ukrayna mütləq qalib gələcək və ərazi bütövlüyünü tam təmin edəcək".