“Ermənistan və Azərbaycanın əlaqələrinin yaxınlaşması ABŞ üçün xüsusilə vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dövlət katibi Entoni Blinkenlə görüşünü şərh edərkən deyib.
Amerika rəsmisi xatırladıb ki, bu, sərhəddəki son qarşıdurmadan sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk görüş olub:
“Dövlət katibi atəşkəs rejiminə riayət edilməsinin və sakitliyin qorunmasının vacibliyini bildirib. O qeyd edib ki, ABŞ sabit atəşkəs və sülh yolu ilə nizamlanmaya sadiqdir. Biz hər iki xarici işlər nazirinə açıq şəkildə bildirdik ki, ABŞ ikitərəfli, çoxtərəfli səviyyədə tərəfdaşları ilə birlikdə bu prosesi dəstəkləməyə hazırdır. Buraya Avropa Şurasının sədri Şarl Mişelin səylərinə dəstək də daxildir. Həmin görüş zamanı tərəflər irəliyə doğru ən yaxşı yolu müzakirə etdilər və dövlət katibi tərəfləri ayın sonuna kimi sülh prosesinin önəmli dərəcədə irəliləyişinə dair fikir mübadiləsi aparmağa dəvət edib”.
Prays jurnalistlərə açıqlamasında Azərbaycan əleyhinə fikir səsləndirməkdən də çəkinməyib:
“Mesajımız ardıcıl idi. Biz Azərbaycanı qoşunları ilkin mövqelərinə qaytarmağa çağırırıq, hərbi qüvvələrin çıxarılmasını tələb edirik və Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemləri sülh danışıqları yolu ilə həll etməyə çalışırıq.
Gücdən istifadə məqbul vasitə deyil. Bunu özəl olaraq açıqladıq. Biz bunu açıq şəkildə demişik və biz şadıq ki, ən yüksək səviyyədə, o cümlədən keçən həftə Nyu-Yorkda hər iki ölkə ilə davam edən əlaqəmiz döyüşləri dayandırmağa kömək etdi və biz bu işi ardıcıl şəkildə təşviq etməyə davam edəcəyik, bunlar möhkəm sülh üçün lazımdır, çünki bu münaqişənin hərbi həlli ola bilməz”.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün nə vaxt keçirilə biləcəyi ilə bağlı suala Prays cavab verib ki, buna iki ölkə qərar verəcək:
“Amma biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında gələcək birbaşa əməkdaşlıq təkcə onların maraqlarına deyil, həm də regionun və onun hüdudlarından kənarın da maraqlarına uyğundur. Biz yenə də ikitərəfli, üçtərəfli, çoxtərəfli şəkildə yardım təklif etmişik və təbii ki, Avropa Birliyi də mühüm rol oynayır.
Bizim vəzifəmiz tərəfləri bir-birinə yaxınlaşdırmaq, dialoqu asanlaşdırmaq, tərəflərə fikir ayrılıqlarını birlikdə həll etmək, fikir ayrılıqlarını sülh və diplomatik yolla aradan qaldırmaq üçün kömək etməkdir. Bu, bizim davam edən işimizdir”.