DİN Nazirlər Kabinetinə təklif göndərib
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) şagirdlərin narkomaniyaya görə müayinədən keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
İdarə rəisi bildirib ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada şagirdlər narkomaniyaya qurşanma ilə bağlı narkokabinetlərdə məcburi qaydada müayinədən keçirilir və bununla bağlı qanunvericilik bazası var: "Bu istiqamətdə Azərbaycan Daxili İşlər Nazirliyi təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu məsələyə baxılır və hazırda gündəmdədir. Sadəcə olaraq, Rusiyada şagirdlər tam anonimliklə testdən keçirilir. Həmçinin ali məktəblərin özlərinin nizamnamələri var və onlara müəyyən dəyişikliklər edilir. Əgər tələbə hər hansı bir ali təhsil ocağını seçirsə, təbii ki, həmin nizamnaməyə riayət etməlidir. Bu məsələnin çox müsbət tərəfi var. Bu, narkotikə yeni qurşanan şəxslərin müalicəsi və reabilitasiyası üçün effektivdir və bu prosesləri daha asanlıqla həyata keçirmək olur".
H.Aslanovun sözlərinə görə, narkocinayətkarlıqla bağlı məktəblərin və yaşayış sahələrinin ətrafında yaradılan narkopritonlar və narkotiklə bağlı digər cəhdlərlə əlaqədar mütəmadi olaraq müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilir:
“Uşaqlar və valideynlər tərəfindən belə müraciətlər olduqda onlara dərhal reaksiya verilir. Narkomanlıqla bağlı bizə müraciətlər edilir, lakin bu hallar kütləvi deyil. İl ərzində maksimum 2-3 dəfə. Müraciətlər əsasən hansısa məktəbin həyətində istifadə olunmuş şprislərlə bağlı olur".
NİGAR