Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Avropa İttifaqının (Aİ) zirvəsindən əvvəl keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılacaq.
Teleqraf.com xəbər verir ki, toplantı üçün Çexiyaya gedəcək Türkiyə liderinin gündəmində Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi də var.
Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələlərin həllində Qərb tərəfindən bölgənin ən mühüm aktorlarından biri kimi görülən Türkiyə və lideri toplantıda sülh, təhlükəsizlik, enerji, iqlim, iqtisadiyyat, miqrasiya və nəqliyyat kimi mövzuları qaldıracaq.
Prezident Ərdoğan toplantı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Görüşdə Ərdoğanın Paşinyana xüsusi nümayəndələr arasındakı təmasların üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda növbə ilə keçirilməsinə, bölgədə gərginliyin daha da artmaması üçün Azərbaycana qarşı təxribatlara yol verilməməsinə və Azərbaycanla yekun sülh sazişinin imzalanmasına dair mesajlar verəcəyi gözlənilir.