“Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq fikrindən vaz keçmək istəmir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetində dərc olunan məqalədə deyilir.
Erməni nəşri Ermənistan baş nazirinin bu fikrindən bərk yapışdığını yazır:
“Bu kontekstdə hakimiyyətin sülh gündəmi ilə bağlı deyəcək yeni heç nəyi yoxdur, sadəcə olaraq öz qarşısına ictimai rəyi tədricən atacağı addıma uyğunlaşdırmaq missiyası qoyub.
Yəni cəmiyyəti yavaş-yavaş sülh müqaviləsinin imzalanmasına hazırlayırlar ki, o vaxta qədər ictimai təlaş, etirazlar olmasın. Buna görə də Paşinyan Ermənistanın 29.8 min kvadratkilometr ərazisi ilə bağlı sənəd imzalayacağı tezisini daim təkrarlayır, sonra əlavə edir ki, yalnız “dənizdən dənizə Ermənistan” xəyalında olanlar onu günahlandıra bilərlər”.
“Past” qeyd edir ki, Paşinyan daim sovet dövründən qalma sərhədlərə istinad etməklə əslində anklavları Azərbaycana təhvil verəcəyini göstərir: “Beləliklə bir sıra strateji əhəmiyyətli yollar Azərbaycanın nəzarətinə keçəcək.
Bununla yanaşı, sülh gündəliyinin ən mühüm komponenti ondan ibarətdir ki, Paşinyan mahiyyət etibarı ilə Ermənistan üçün Qarabağ məsələsini də bağlayır. O, artıq Bakının Ermənistanla bu məsələ ilə bağlı danışmaq istəmədiyini bəyan edib.
Hadisələrin məntiqi silsiləsi onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan hakimiyyətinin qarşısına imza atmaq üçün konkret mətn qoyub”.
Nəşr Ermənistan baş nazirinin görüşlərdən birində bu mətni imzalayacağını istisna etmir.