112 nömrəli tam orta məktəbdə bir şagirdin digərinə fiziki şiddət göstərməsi, başqa birinin isə bunu videoya çəkməsilə bağlı görüntülər əsas gündəmə çevrilib.
Teleqraf.com xəbər verir ki, videoda fiziki şiddətə məruz qalan 9-cu sinif şagirdinin atası Namiq Zeynalov AzEdu.az-a açıqlamasında əvvəllər də övladının mübahisə etdiyini, ancaq valideynlərinə bildirmədiyini söyləyib:
“Əvvəllər də dava-dalaş olub, amma bizə heç nə demirdi. Deyirdi, kiçik mübahisə düşüb, amma dəqiq bir şey söyləmirdi. Biz videonu gördükdən sonra məsələnin ciddi olduğunun fərqinə vardıq. O zaman öyrəndik ki, bu kimi hallar yaşanırmış. Əks təqdirdə, dəqiq məlumatımız yox idi”
Məsələ ilə bağlı 112 nömrəli tam orta məktəbdən hadisənin araşdırıldığı bildirilib. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxladığı, sinif rəhbərinin hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət apardığı qeyd edilib. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib.