6 Oktyabr 23:11
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistanın Avropa Birliyinə üzvlük hədəfləri yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan Brüssellə dialoqun genişlənməsində maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Avropa Siyasi Birliyinin Çexiyada keçirilən ilk toplantısına diqqət çəkib:

“Praqada liderləri bir araya gətirən Avropa Siyasi Birliyi ideyası Fransa Prezidenti Emmanuel Makrona məxsusdur. Paris Ukraynanın Avropa İttifaqına qısa müddətdə üzvlüyünün əleyhinə olduğu üçün bu ölkəni və digərlərini bir araya toplamaq üçün Avropa İttifaqı nəzdində Avropa Siyasi Birliyi təsis edilməsini lazım bilib, Brüssel bu ideyanı dəstəkləyib.

Tədbirə 44 dövlət dəvətlidir, bunlardan 17-si Avropa Birliyinin üzvü deyil. Avropa Siyasi Briliyinin konkret nə ilə məşğul olacağı hələlik qeyri-müəyyəndir. Ancaq hiss olunur ki, bu format ATƏT-ə bənzər quruma çevriləcək.

ATƏT Azərbaycanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüklərinin qorunması məsələlərində sinifdə qaldı, eyni zamanda, Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı da işlək mexanizmə çevrilmədi. Yeni təsisatın işlək olması üçün imkanlar var. Məsələn, Praqadakı toplantı çərçivəsində, Serbiya-Kosovo, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Türkiyə-Yunanıstan dialoqunun genişlənməsinə şərait yaradılacaq. Heç bir nəticə olmasa belə, Avropa Siyasi Birliyi platforması ölkə liderlərinin görüşüb fikir mübadiləsi aparması üçün münbit müstəvidir.

Yeni platforma Rusiyanın xoşuna gəlməyəcək. Ancaq Ukraynada gücünü itirən Rusiyanın diplomatik zəmində prosesə mane olacağı ehtimalı azdır. Azərbaycan və Ermənistanın Avropa Birliyinə üzvlük hədəfləri yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan Brüssellə dialoqun genişlənməsində maraqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu