11 Oktyabr 2022 13:30
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərsahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq ediblər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Rusiya konvensiyanın bu bəndini artıq neçənci dəfədir pozur:

“Rusiyanın dəniz donanması illər öncə Xəzərdən Suriya ərazisini raket atəşinə tuturdu. O zaman bu etiraz doğurmurdu, çünki sözdə də olsa, Suriyada terrorçu qruplaşmalar hədəf götürülürdü. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu dəfə Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutulur. Bu zaman Ukraynada infrastruktur dağıdılır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

Ukrayna Xəzərsahili ölkələrdən Azərbaycan, Qazaxıstan və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Belə çıxır ki, Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və təhlükə altına alır.

Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var.

Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Məsələn, Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risk etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər.

İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır”.

Məqalədə qeyd edilir ki, Xəzərsahili ölkələrin ayrılıqda Rusiyaya etiraz etməsi çətindir:

“Rusiya ona etiraz edən ölkəyə təzyiqi artıracaq. Buna baxmayaraq, Xəzərsahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac var. Kreml anlamalıdır ki, Xəzərsahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər