“Yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesin sürətlənməsinin qarşısını ala bilməyən Rusiya indi itirdiyi mövqeləri geri qaytarmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist Ermənistan-Azərbaycan məsələsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Araik Arutyunyanla görüşüb. Ermənistan hökuməti belə görüşlərin vaxtaşırı olduğunu bildirib. Xatırladım ki, oktyabrın 9-da “sarsax prezidenti”nin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistan hakimiyyəti ilə vəziyyəti müzakirə etmək üçün İrəvana gələcəyi məlum olub. Daha konkret olsaq, Araik artıq üç gündür İrəvandadır. Səfərin rəsmi məqsədi “Azərbaycanla sülh müqaviləsi prosesində İrəvan qarabağlı ermənilərlə bağlı hansı addımları atmaq niyyətindədir” sualına aydınlıq gətirilməsidir. Gerçək məqsəd isə “İrəvan bundan sonra da pul verəcək, ya yox?” məsələsidir.
Məsələ Rusiya üçün də çox mühümdür. Çünki ortada Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə olması, habelə qarabağlı ermənilərin maliyyələşməsi məqamı da var. Həmin məqam isə Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan torpaqlarında qalıb-qalmamasını həll edir.
Avropa İttifaqının missiyasına gəldikdə, çox güman ki, Rusiya Qərbin prosesə müdaxiləsini zəiflətmək üçün Ermənistana KTMT missiyası yollayacaq. Yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesin sürətlənməsinin qarşısını ala bilməyən Rusiya indi itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Bu səbəbdən də Rusiya xarici işlər naziri Sergey Lavrovun yekun sülh müqaviləsinin mətninin hazırlanması prosesinə qarışmağa çalışacağı şübhə doğurmur”.
Bununla yanaşı, Elçin Alıoğlu bildirib ki, Rusiya qarabağlı ermənilərin tərksilah edilməsi və Zəngəzur dəhlizi məsələlərindən də Bakıya təzyiq etmək üçün maksimum yararlanmağa can atacaq:
“Beləcə hazırda məhdud resurslardan, xüsusilə də İrəvanla Xankəndindəki təsir agentlərindən istifadə edərək, situasiyanın maksimum gərginləşdirilməsi Moskvanın yaxın perspektivdəki planı sayıla bilər. Orta perspektivdə rusiyalı sülhməramlılar və Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın “maraqlarının təminatı” var. Amma buna nə Bakı, nə Ankara, nə də Qərb razı olacaq”.