“Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın da maraqlarına tam uyğundur”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert Avropaya enerji nəqlindəki son gəlişmələrə diqqət çəkib:
“Şimal Axını” boru kəmərləri ilə Avropaya 110 milyard m3 qaz nəqli nəzərdə tutulmuşdu. 2021-ci ildə “Şimal Axını-1”lə 55 milyard m3 qaz Avropa Birliyi ölkələrinə çatdırılmışdı. Borunun 2-ci xətti isə Rusiyanın Ukraynaya təcavüzünə görə sanksiyalara məruz qaldı və açılmadı. Bir neçə gün öncə isə naməlum səbəblərdən partladılaraq sıradan çıxarıldı. Son məlumata görə, partladılan boru xətlərinə dəniz suyu dolub və bərpası mümkün deyil. Çünki duzlu su korroziyaya səbəb yaradır, ona görə də su dolan hissələr mütləq dəyişdirilməlidir. Bu isə o deməkdir ki, yaxın illərdə bu xətlər bərpa olunmayacaq.
Avropanın illik qaz istehlakı 510 milyard m3-dir. Rusiya keçən ilə qədər bu həcmin 170-180 milyard m3-ni bir neçə boru xətti ilə təmin edirdi. İndi bu xətlərdən yalnız biri – Ukraynadan keçən xətt işlək vəziyyətdədir, müharibəyə baxmayaraq nə Rusiya, nə də Ukrayna o kəmərlərə dəyir, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb”.
Natiq Cəfərli bildirib ki, Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir:
“Həm “Türk Axını”, həm də TANAP və TAP layihələri, bundan başqa, İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var, həcmini 30 milyard m3-ə qaldırmaq imkanı olan xətdir. Ümumilikdə, Türkiyə bütün boru xətlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və İrandan 90-100 milyard m3 qaz ala bilər. Bu isə Türkiyəni böyük qaz habına çevirmək üçün yetərlidir. Bundan başqa, Türkiyənin özü də qaz hasil etməyə başlayır. Eyni zamanda, İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır.
Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olmaqla yanaşı, qardaş Türkiyəyə də böyük imkanlar açır və bu Avropa üçün də çox önəmlidir.
Avropa Birliyi ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq. Buna görə də birbaşa olmasa da dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur. Qazın qiymətinin kəskin bahalaşması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır. Bu mənada, Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər, bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, eləcə də gənc, dinamik əhalisi var. İşsiz olan 4 milyon nəfər vətəndaşı var ki, onlardan da 20 faizi gənclərdir.
Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Bunun üçün Türkiyə bəzi institutsional problemlərini həll etməli, məkhəmə hakimiyyətində olan boşluqları doldurmalı, Mərkəzi Bankı və məhkəmələri AKP idarəetməsindən çıxartmalıdır.
Ötən əsrin 50-ci-60-cı illərində yüzminlərlə Türkiyə vətəndaşı Almaniyaya işləmək üçün axın etdi, Almaniyanın dirçəlməsində rol oynadı, indi isə Almaniya sənayesi özü Türkiyəyə gələ bilər, bu isə qardaş ölkə üçün həyati önəmlidir”.
Qeyd edək ki, Türkiyənin qazpaylayıcı mərkəzə çevrilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə verilib.