17 Oktyabr 2022 12:16
5 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin mərhələdə Avropa Birliyinin Ermənistandakı mülki missiyasının tərkibində 40-a yaxın müşahidəçi yer alacaq.

Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə AB-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Bu gün AB-nin 27 ölkəsinin xarici işlər nazirləri Lüksemburqda görüşəcək. Toplantının gündəliyinin əsasını Ukrayna-Rusiya müharibəsi təşkil edəcək. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə kömək etmək üçün mülki missiya yaratması gözlənilir. Missiyanın bu gün təsdiqlənəcəyi deyilir.

Diplomatın sözlərinə görə, hələlik təfərrüat yoxdur.

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə sərhəddə 40-a yaxın müşahidəçi yerləşdiriləcək”, - AB nümayəndəsi deyib.

O, problemlə əlaqədar AB-nin Gürcüstandakı missiyasından sərhədə ilk müşahidəçilərin göndəriləcəyini vurğulayıb: “Problemin aktuallığına görə Gürcüstandakı missiyamızdan işçi heyəti götürürük”.

Oktyabrın 7-də AB Şurasının prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron Praqada Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşdükdən sonra Avropa Şurası AB-nin mülki missiyasının oktyabrda başlayacağını və iki ay davam edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər