17 Oktyabr 2022 19:53
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Quru Qoşunlarının (SEPAH) Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirməsi Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib. İran bölgədəki yeni reallığı qəbul etmək istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti dəhlizin açılmasına razı olsa, İranın mövqeyi xüsusi önəm kəsb etməyəcək:

“Ermənistan rəhbərliyi 10 noyabr bəyannaməsinin 9-cu bəndini yerinə yetirmədiyinə görə Tehran belə davranır. Amma İranın hərbi təlimdən o tərəfə keçməyə cəsarət edəcəyini düşünmürəm. Belə bir məntiqsiz fikrə düşsə, qarşısında Azərbaycanla yanaşı, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanını da görəcək. Bu yaxınlarda İsrail və Türkiyə müdafiə nazirlərinin, eləcə də Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Bakı səfəri İranın son aylarda Azərbaycana yönəlik hərbi hədələrinə cavab idi. Zənnimcə, SEPAH-ın bu addımına sərhədlərdə Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri ilə cavab vermək olar.

İran Qərbə qarşı iki cəbhədə yer alir. Birinci halda Rusiya-Ukrayna müharibəsində Qərbin əleyhinə Moskvanı silahla təchiz edir. İkinci halda isə Zəngəzur dəhlizinə qarşı çıxaraq, Cənubi Qafqazda Qərbin geosiyasi layihələrinin reallaşdırılmasına əngəl yaratmağa çalışır.

Ölkə daxilindəki kütləvi etirazlara baxmayaraq, İran öz geosiyasi ambisiyasından əl çəkmir. Qeyd edim ki, indiki etirazlar əvvəlkilərdən fərqli olaraq, Qərbin ssenarisi üzrə gedir. Prosesin ABŞ tərəfindən idarə olunduğunu düşünürəm. Etirazlarda liderin önə çıxmaması prosesin xaotik müstəviyə sürükləmək istəyindən irəli gələ bilər. Belə etirazlarda bir məqsəd olur: mərkəzi hakimiyyəti zəiflətmək”.

Məhəmməd Əsədullazadə İrandakı etirazlarda kürd amilinin önə çıxarıldığını söyləyib:

“Kürdlər İranda yaşayan digər etniklərdən fərqli olaraq, silahlı mübarizə aparırlar və müəyyən təşkilatlanmaya malikdirlər. Xaotik şəkildə davam edən etirazların bu baxımdan silahlı vətəndaş qarşıdurmasına çevriləcəyi istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər