Türkiyə-Ermənistan danışıqlarını dəyərləndirən diplomatik mənbələr prosesin müsbət getdiyinə diqqət çəkərək, İrəvanla sərhədlərin açılması üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözlədiklərini bildirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Nəşr qeyd edir ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Türkiyə ilə Ermənistan arasında başlayan normallaşma prosesi davam edərkən, iki ölkə arasında sərhədlərin açılması məsələsi gündəmdə qalır. Məqalədə normallaşma prosesinin müsbət istiqamətdə getdiyi vurğulanaraq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin sərhədlərin açılması üçün Ankaranın İrəvana əsas şərti olduğu deyilir.
“Sabah”a danışan rəsmi mənbələr bildirirlər ki, sülh sazişi imzalansa, bu, bütün regionda müsbət effekt yaradacaq.
Nəşr yazır:
“Normallaşma prosesini aparan xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında iyulun 1-də keçirilən görüşdə qəbul edilən qərarların yerinə yetirilməsinə töhfə vermək üçün Ekspertlər Komitəsinin yaxın vaxtlarda toplanacağı məlum olub. Digər tərəfdən, xüsusi nümayəndələr arasında növbəti görüşün Türkiyədə keçirilməsi gözlənilir.
İki ölkə arasında atıla biləcək ən ciddi addımın quru ticarətinin başlanması olacağı düşünülür. Mənbələr Gümrünün həm Alican, həm də Akyakadan durbin məsafəsində olduğuna diqqət çəkirlər.
Üç minə yaxın insan sərhəddən 20 kilometrdən az məsafədə yaşayır. Sərhədin bağlandığı 1993-cü ildə 140 min insan 40 min ton materialla sərhədi keçib. Bu gün sərhəd açılsa, bu rəqəmin ən azı 10 dəfə artacağı qeyd olunur. Sərhədlərin açılmasına qərar veriləcəyi təqdirdə Akyaka sərhəd qapısının 1 ay ərzində fəaliyyətə başlaya biləcəyi bildirilir”.
Mənbələr bölgədəki proseslərə kompleks şəkildə baxmağın lazım olduğunu vurğulayırlar:
“Mənbəmiz deyir ki, birində tərəddüd digərində tərəddüdə, birində açılış digərində açılışa gətirib çıxara bilər. Prosesin Ermənistan xalqında həyəcan yaratdığını deyən mənbələr söyləyirlər ki, üçüncü ölkə vətəndaşlarının sərhədi keçəcəyi deyilməyə başlayanda dağılmış evləri təmir etdirdilər, otel və restoranlar tikdilər. Türkiyə ilə Ermənistan arasında normallaşma bütün regionda sülhə yol açacaq bir gəlişmə olardı”.