10 Dekabr 2014 17:44
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüşt Əlizadə: “Bu, Amerikanın planı ola bilər”

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gəlib. Dövlətlər vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul edib.
Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradılacaq.

Bundan başqa, altı dövlət birləşmiş silahlı qüvvələrinin tabe olacağı və baş qərargahının Ər Riyadda yerləşəcəyi vahid hərbi komandanlığın yaradılması təklifini dəstəkləyiblər. Bölgənin vahid polis qüvvələrinin mərkəzi aparatı isə Əbu Dabidə fəaliyyət göstərəcək.


Altı ərəb dövlətinin vahid polis və ordu yaratması ciddi rezonansa səbəb olub. Çünki hazırda ərəb coğrafiyasında vəziyyət stabil deyil, İŞİD İraq və Suriyada hərbi əməliyyat keçirir. Həmçinin İran təhlükəsini ərəb ölkələri daima öz üzərlərində hiss edir.

Eyni zamanda ərəb ölkələrinin silahlı qüvvələrinin birləşdirilməsi Türkiyənin yeni osmanlıçılıq siyasətini də iflasa uğradacağını göstərir.

Vəziyyəti şərh edən ərəbşünas politoloq Zərdüşt Əlizadə bildirdi ki, adı çəkilən altı dövlətin elmi-texniki sənaye potensialı aşağı səviyyədədir. Onun sözlərinə görə, iqtisadi, maliyyə, neft imkanları güclü olsa da, ərəb ölkələrinin elmi-texnoloji səviyyəsi ürəkaçan deyil: “Odur ki, bu ölkələrin vahid donanma, vahid polis, vahid ordu yaratması ilk növbədə Amerikanın planı ola bilər. Gəlin sual edək, bu altı dövlətin düşməni kimdir? Ərəb vətəninin bir parçasını işğal edən İsrailmi? Əlbəttə, yox. Səudiyyə ilə İsrailin gözəl münasibətləri var, hətta Səudiyyədən İsrailə dəmiryolu xətti çəkilir. Düşmən Suriyadırmı? Xeyr. Suriyanı dağıdan əsasə qüvvələrdən biri Qətərdir. Vahid ordu və polis daxili siyasət səbəbindən yaradılır, məqsəd hakimiyyəti qorumaq, təmin etməkdir. İndiki hadisələr göstərdi ki, Fars körfəzi ölkələrinin başçıları əməkdaşlıq etməyə möhtacdır. Məsələn, elə dövlət var ki, əhalisinin 70 faizi şiə, 30 faizi sünnidir. Amma hakimiyyət sünni sülaləsinin əlindədir. Onlar da hər şeyi öz əlində saxlayır. Məqsəd isə daxildə yaranan narazılığı yatırtmaqdır”.

Zərdüşt Əlizadənin fikrincə, ərəb ölkələrinin silahlı qüvvələri və polisinin vahid orqanda birləşdirilməsi İrana qarşı da ola bilməz: “İran ordusu ilə müqayisədə ərəb ölkələrinin birgə ordusu heçdir. Bu daxili auditoriya üçün hesablanıb. Məqsəd nə ərəb vətənini qorumaq, nə də İrana qarşı birləşməkdir”.

Politoloq hesab edir ki, ərəb ölkələrinin bu birliyi Türkiyənin ərəb siyasətinə qarşı da hesablana bilməz. Onun sözlərinə görə, bu məsələlərin Türkiyəyə aidiyyəti yoxdur: “Söhbət monarx ərəb dövlətlərinin birləşməsindən gedir. Əlbəttə, Türkiyənin Suriya siyasəti iflasa uğrayıb. Lakin ərəb dövlətlərinin Ankara ilə gözəl münasibətləri, iqtisadi əlaqələri mövcuddur. Yeri gəlmişkən, indi kimlərsə deyir ki, Türkiyə ərəb coğrafiyasını təsir dairəsinə almaq istəyir. Bunu avam siyasətşünaslar uydurur və deyir ki, Türkiyə yeni Osmanlı siyasəti aparır, xilafəti bərpa etmək istəyir. Türkiyə praqmatik siyasət yürüdür, sadəcə Suriya məsələsində səhv etdi. Əslində, heç bir Osmanlı siyasəti yoxdur. Ankara anlayır ki, müasir siyasətdə hərb deyil, iqtisadi güc rol oynayır. İqtisadi güc səbəbindən Türkiyənin ərəb coğrafiyasında nüfuzu yüksəkdir”.

Politoloqun hesablamalarına görə, bu birləşmədə Suriya faktoru da əhəmiyyətli deyil: “Bu ölkələr bilirlər ki, ordularının hərbi faydalı iş əmsalı aşağıdır. Onlar Suriyaya qarşı getməzlər. Hətta İŞİD İraqın müəyyən hissəsini tutanda Səudiyyə Ərəbistanı qorxudan ölkəyə xarici ordu dəvət etdi. Təsəvvür edin, 10 milyardlarla maliyyə resursu var, ancaq İraqla sərhədlərini qorumaq üçün böyük pullar xərcləyib xaricdən ordu gətirdi. Yəni bunlar heç vaxt gedib Suriyaya girməzlər. Bir daha vurğulayıram ki, bu yaxınlaşma həmin ölkələrin daxili siyasəti ilə bağlıdır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər