Video əlavə olundu:
***
16:22
Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması üçün əlindən gələni edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında çıxışı zamanı bildirib.
“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına gəlincə, biz bu gün mümkün olan hər şeyi edirik ki, Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olaq”, - deyən Putin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan yaxın keçmişdə bir dövlətin tərkibində olub.
Rusiya lideri əlavə edib:
“Rusiya ənənəvi olaraq, əgər tarixi komponentə nəzər salsanız, bu istiqamətdə sabitliyə həmişə diqqət yetirib və erməni xalqının təhlükəsizliyinin təmin edilməsində erməni dostlarımızı dəstəkləyib”.
O vurğulayıb ki, Moskvanın həm İrəvan, həm də Bakı ilə çoxşaxəli əlaqələri var:
“Bunu nəzərə almamaq sadəcə mümkün deyil. Təbii ki, hamımız çox çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasındakı problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və bu məslələrin sülh yolu ilə həllinə töhfə verməyə hər zaman hazırıq. Ümumiyyətlə, biz şübhəsiz ki, Cənubi Qafqazın sakit və davamlı inkişaf edən region olmasında maraqlıyıq”.
Putin sülhə aparan yeganə mümkün və real yolun Rusiya, Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatlarının bütün müddəalarına tərəflər tərəfindən ciddi riayət olunmasından irəli gələn yol ola biləcəyinə şübhə etmədiyini bildirib.
“Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar məsələlərin həlli ilə bağlı bu anlaşmaların ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür”, - Putin qeyd edib.
O, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanla dəfələrlə danışdığını deyib:
“Həmkarımın (Azərbaycan Prezidenti İlham Əliyev) da bununla tam razı olduğunu anlayıram. Sual budur ki, bu həll yollarını necə tapmaq olar, bu asan deyil, ancaq siz onları yalnız bu yolda tapa bilərsiniz. Gələcəkdə bu, sülh müqaviləsinin bağlanmasına imkan verəcək”.