31 Oktyabr 2022 12:30
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Soçidə keçiriləcək üçtərəfli görüş əvvəlkilərlə müqayisədə gərgin keçəcək. Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyini çox cəsarətlə və sərt şəkildə bəyan edəcək. Bizim mövqeyimiz dəyişməzdir. Biz sülh - ərazilərimizdən separatçı-cinayətkarların və işğalçı dövlətin qoşun birləşmələrinin çıxmasını istəyirik. Zəngəzur dəhlizi açılmalıdır, əks təqdirdə Laçın yolu bağlanmalıdır. Həmçinin sərhədlər müəyyənləşməli və sülh sazişi imzalanmalıdır. Azərbaycan da bu mövqeyini dəfələrlə bəyan edib. Amma görüşdən əvvəl həm Rusiya, həm Qərb, həm də Ermənistan siyasilərinin səsləndirdiyi fikirlər bizə onu deməyə əsas verir ki, görüş gərgin atmosferdə keçəcək. Üçtərəfli görüşdə nəyə nail olunacağını isə günün sonunda biləcəyik”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov Soçidə keçiriləcək üçtərəfli görüş haqqında danışarkən deyib.

Məlum görüşdə Azərbaycana təzyiq ediləcəyi və hansısa sənədim imzalana biləcəyinə dair qeyri-rəsmi və əsassız fikirlərə gəldikdə Elman Məmmədov bunu ciddi qarşılamayıb:

“Gəlin yaxın tariximizə nəzər salaq. 44 günlük müharibədən əvvəlki 28-30 illik dövrə diqqət edəndə görürük ki, hələ 1990-cı illərdə çox zəif vəziyyətdə olan Azərbaycanı heç məcbur edə bilmədilər ki, Qarabağla bağlı xeyrimizə olmayan güzəştlərə getsin. Buna çox cəhd edildi. Avara bir dəstə vardı, daha çox beynəlxalq turizm şirkətinə oxşayırdı. Həmin Minsk qrupu düşmüşdü dünyanın canına və Ermənistanla birlikdə Azərbaycanın əleyhinə işlər görürdü. Azərbaycanı Qarabağın "status" və s. məsələlərə məcbur etməyə çalışırdılar, amma edə bilmədilər. Ancaq bu gün güclü Azərbaycan dövləti var, onun güclü ordusu və qalib xalqı var. Artıq meydanda da tək olmayan, qardaş Türkiyə ilə Azərbaycan var. Bu halda heç kim Azərbaycanı nəyəsə məcbur edə bilməz, qətiyyən. Bunlar xam xəyallardır. Azərbaycan mövqeyini birmənalı elan edib və bu mövqe dəyişməz olaraq qalır”.


Müəllif: Nemət

Oxşar xəbərlər